Gürcüstanda avtomobillərin sayı sürətlə artır. Ölkədə qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı ilk dəfə 2 milyonu ötüb.
Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) 2026-cı ilin üçüncü rübünə dair məlumatına əsasən, ölkədə 2 milyon 10 min 195 nəqliyyat vasitəsi qeydiyyatdadır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb.
Son 12 ay ərzində qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 95 min 287 ədəd çoxalıb.
Statistikaya görə, ölkənin avtomobil parkında köhnə maşınlar üstünlük təşkil edir. Belə ki, 1 milyon 622 min 628 nəqliyyat vasitəsinin yaşı 10 ildən çoxdur. Bu isə ümumi avtomobil parkının təxminən 80,7 faizinə bərabərdir.
Yaşı 5-10 il arasında olan avtomobillərin sayı 262 min 783, 2-5 il arasında olanların sayı 77 min 698, iki ildən az yaşı olanların sayı isə cəmi 39 min 642-dir.
Ən diqqətçəkən məqamlardan biri avtomobillərin təxminən yarısının paytaxt Tiflisdə qeydiyyatda olmasıdır. Belə ki, şəhərdə 984 min 369 nəqliyyat vasitəsi mövcuddur. Bu, ölkə üzrə ümumi göstəricinin təxminən 49 faizidir.
Tiflisdən sonra ən çox avtomobil İmereti bölgəsində (211 min 660), Kvemo Kartlidə (163 min 878), Kaxetidə (152 min 383) və Acarıstanda (129 min 254) qeydiyyata alınıb.
Ölkədə ən geniş yayılan avtomobil markalarından biri “Toyota”dır. Bu markaya məxsus 234 min 199 avtomobil qeydiyyatdadır. Ən çox rast gəlinən modellər sırasında “Ford Transit”, “Toyota Prius”, “Opel Astra”, “Honda Fit” və “Toyota Camry” yer alır.
Yanacaq növlərinə görə isə benzinlə işləyən avtomobillərin sayı 834 min 892, dizellə işləyənlərin sayı 384 min 365, hibrid avtomobillərin sayı 213 min 854, elektromobillərin sayı isə 25 min 255-dir.
Gürcüstan uzun illərdir Azərbaycan və regionun digər ölkələri üçün avtomobil ticarətinin mühüm mərkəzlərindən biri hesab olunur. Xüsusilə ABŞ və Avropadan gətirilən işlənmiş avtomobillərin bir hissəsi Gürcüstan vasitəsilə Azərbaycana və digər ölkələrə təkrar ixrac edilir.
Musavat.com

