Bakı məktəblərində müəllim kimi çalışmaq istəyənlər üçün yeni iş imkanı yaradılıb. Paytaxtın ümumi təhsil müəssisələrində mövcud vakant yerlərə, eləcə də sosial məzuniyyətlə əlaqədar yaranan müvəqqəti boş vəzifələrə müəllimlərin işə qəbulu elan olunub.
Editor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Məlumata əsasən, işə qəbul prosesi bir neçə fənn üzrə aparılacaq. Belə ki, namizədlər aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər:
Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);
Riyaziyyat (Azərbaycan bölməsi);
İngilis dili (Azərbaycan bölməsi);
İbtidai sinif (Azərbaycan bölməsi).
Müsabiqədə iştirak etmək üçün müəyyən bal tələbi də qoyulub. Belə ki, cari ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə əldə edən namizədlər müraciət etmək hüququna malikdirlər.
Müraciət edən şəxslər şəxsiyyət vəsiqəsini və seçdikləri ixtisasa uyğun diplomu təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən başlayaraq hər gün saat 11:00-dan 17:00-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

