Hemorragik insult işemik insultla müqayisədə daha təhlükəli hesab olunur. Bu insult növü daha az rast gəlinsə də, onun fəsadları adətən daha ağır olur və sağalma proqnozu daha əlverişsizdir.
Editor.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Neyroelmlər və Neyrotexnologiyalar İnstitutunun nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının dosenti, həkim Artyom Tolmaçev açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insult inkişaf mexanizminə görə iki əsas növə bölünür: işemik və hemorragik insult. İşemik insult zamanı beyini qanla təmin edən damar tutulur və nəticədə beynin müəyyən hissəsinə kifayət qədər qan çatmır. Hemorragik insult isə qan damarının partlaması və qanın beyin toxumasına və ya onu əhatə edən boşluqlara sızması nəticəsində yaranır. Hər iki halda ciddi fəsadlar meydana çıxa bilər, lakin beyin toxumasının zədələnmə mexanizmləri fərqlidir.
Tolmaçev hemorragik insultun daha yüksək ölüm riski ilə əlaqəli olduğunu vurğulayıb. Onun istinad etdiyi, 2025-ci ildə Neurology jurnalında dərc olunmuş və Cenevrə sakinlərinin 2018–2019-cu illər üzrə məlumatlarını əhatə edən araşdırmaya əsasən, beyin daxilinə qanaxma zamanı 30 gün ərzində ölüm göstəricisi 32,5 faiz, subaraxnoidal qanaxmada 17,2 faiz, işemik insult zamanı isə 10,8 faiz təşkil edib.
Həkim qeyd edib ki, işemik insult zamanı bəzi xəstələrə trombu əritməyə yönəlmiş trombolitik müalicə və ya onun mexaniki yolla çıxarılması kimi müdaxilələr tətbiq oluna bilər. Hemorragik insultun müalicəsində isə arterial təzyiqin nəzarətdə saxlanılması, qanın laxtalanma pozuntularının korreksiyası, kəllədaxili təzyiqin izlənilməsi və zərurət yarandıqda neyrocərrahi müdaxilə məsələsinin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Mütəxəssisin sözlərinə görə, insultun hər iki növü həyati təhlükə yarada bilər və vaxtında tibbi müdaxilə xəstənin vəziyyətinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
//Gülnarə Abasova, Editor.az

