Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin tənzimlənməsi üzrə növbəti addımları ölkə rəhbərləri səviyyəsində müzakirə etməyin vacib olduğunu hesab edir və bu səbəbdən Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski “CNN Türk” kanalına müsahibəsində bildirib:
“Bilirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə öz əlaqələri var. Bu səbəbdən biz Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik. Lakin burada çox vacib bir məqam var: Türkiyədə, eləcə də Birləşmiş Ərəb Əmirliklərində texniki qruplar və nümayəndə heyətləri arasında çoxlu görüşlər keçirilib. Müxtəlif nəticələr əldə olunsa da, müharibə hələ də davam edir”.
Ukrayna prezidentinin sözlərinə görə, əgər liderlərin görüşü real irəliləyişə gətirib çıxarmasa, bu, yeni suallar doğuracaq və diplomatiyanın məğlubiyyəti demək olacaq.
Zelenski vurğulayıb ki, texniki qrupların nəticə əldə etməsi bəzən çətin olur, lakin siyasi iradə nümayiş etdirilərsə, liderlər səviyyəsində istənilən problemi həll etmək mümkündür. Məhz bu səbəbdən Ukrayna dövlət başçısı son qərarları qəbul edən şəxs kimi Putinlə birbaşa masaya oturmaqda təkid edir.

