Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfər edib.
Musavat.com xəbər verir ki, İstanbul hava limanında ukraynalı lideri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb.

Səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edən Zelenski bildirib:
“Heyətimizlə İstanbula endik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm görüşlərimiz olacaq”. Ukrayna dövlət başçısı ölkəsinin təhlükəsizliyini gücləndirmək, Türkiyə ilə ikitərəfli tərəfdaşlığı möhkəmləndirmək və diplomatik imkanlar üzərində işlədiklərini diqqətə çatdırıb. O, həmçinin Qara dənizdə dəniz daşımaları ilə bağlı vacib məsələlərin gündəlikdə olduğunu və İstanbulda Fənər Rum Patriarxı Varfolomey ilə də görüşün nəzərdə tutulduğunu qeyd edib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın inkişafı, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdəki təhlükəsizlik vəziyyəti başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarını Dolmabağça sarayında rəsmi mərasimlə qarşılayıb. Liderlərin təkbətək və heyətlərarası görüşləri başlayıb. Danışıqlarda Türkiyə tərəfindən milli müdafiə naziri Yaşar Güler və MİT rəhbəri İbrahim Kalın, Ukrayna tərəfindən isə xarici işlər naziri Andriy Sıbiha və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov iştirak edirlər.

