Rusiya Federasiyası Azərbaycan Ordusunun silahlanmasında olan zirehli tank texnikasının təmiri və xidməti üçün nəzərdə tutulmuş infrastrukturun tikintisi və modernləşdirilməsində Bakıya köməklik göstərəcək.
bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Zvezda” telekanalının efirində məlumat verib.
Xidmət rəhbərinin sözlərinə görə, tərəflər arasında artıq müvafiq kompleks saziş imzalanıb: “Azərbaycan ordusunun arsenalında yer alan zirehli texnikanın təmiri üzrə obyektlərin modernləşdirilməsini və yenilərinin tikintisini nəzərdə tutan bütöv bir proqram imzalanıb”.
Şuqayev həmçinin azərbaycanlı tərəfdaşların Rusiyanın “Pantsir-S1” zenit raket-top komplekslərinə böyük maraq göstərdiyini vurğulayıb. O, bu hava hücumundan müdafiə sistemlərinin kifayət qədər tələbatlı olduğunu qeyd edərək, yaxın perspektivdə onların Azərbaycana tədarükünə dair yeni müqavilələrin bağlana biləcəyini istisna etməyib.
Musavat.com

