Rusiyanın Ukraynaya qarşı apardığı dörd illik genişmiqyaslı müharibə Moskvanın Pekindən asılılığını xeyli artırıb. The Wall Street Journal yazır ki, bu proses nəticəsində Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə münasibətlərdə getdikcə daha zəif mövqeyə düşüb.
Nəşrin məlumatına görə, Qərbin sanksiyaları və iqtisadi təzyiqlər Rusiyanı enerji ixracı, texnologiya, maliyyə və ticarət sahələrində Çindən daha çox asılı vəziyyətə salıb. Bu isə iki ölkə arasındakı münasibətlərin balansını Pekinin xeyrinə dəyişib.
Məqalədə qeyd olunur ki, Çin bu vəziyyətdən istifadə edərək Rusiya ilə əməkdaşlıqda daha sərfəli şərtlər əldə edir. Nəticədə, Kreml beynəlxalq təcrid fonunda Pekinin siyasi və iqtisadi dəstəyinə əvvəlkindən daha çox ehtiyac duyur.
Bununla belə, nəşrin bu qiymətləndirməsi analitik təhlilə əsaslanır və Rusiya rəsmiləri ölkənin Çin qarşısında asılı vəziyyətə düşdüyü iddialarını qəbul etmirlər.
//Samir Qurbanov, Editor.az

