İsraildə növbədənkənar parlament seçkilərinin keçirilməsi təkcə ölkənin daxili siyasi balansı baxımından deyil, həm də Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır. Seçkilərin nəticələri İsrailin təhlükəsizlik strategiyasına, regional siyasətinə və beynəlxalq tərəfdaşlarla münasibətlərinə birbaşa təsir göstərə bilər. Mövcud şəraitdə Benyamin Netanyahunun siyasi taleyi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqin siyasi arxitekturasının formalaşmasında mühüm rol oynayan İsrailin son illərdəki siyasi kursu əsasən Benyamin Netanyahu hakimiyyətinin həyata keçirdiyi strategiya ilə müəyyənləşib.
“İyirmi ildən artıq müddətdə müxtəlif dövrlərdə hakimiyyətdə təmsil olunan Benyamin Netanyahu Yaxın Şərqdə baş verən proseslərin fəal iştirakçılarından biri olmaqla yanaşı, regional siyasi gündəliyin formalaşmasına da ciddi təsir göstərib.
İsrailin siyasi isteblişmentində hazırda Netanyahunun siyasi çəkisinə və idarəçilik təcrübəsinə malik fiqur görünmür. Mövcud namizədlər arasında ultra-sağ dini düşərgə əsas diqqətini daha çox daxili siyasi məsələlərə yönəldir. Sol düşərgə isə uzun illərdir effektiv siyasi alternativ formalaşdırmaqda çətinlik çəkir və əsasən müxalifət mövqeyində qalır. Hər iki siyasi istiqamətin regional və beynəlxalq siyasətdə təsir imkanları kifayət qədər məhduddur.
Regionda mürəkkəb təhlükəsizlik mühitinin davam etdiyi, xüsusilə İsrail-İran qarşıdurmasının yaratdığı risklərin aktuallığını qoruduğu indiki mərhələdə Netanyahu hakimiyyətindən fərqli siyasi qüvvənin iqtidara gəlməsi İsrail üçün ciddi strateji çətinliklər yarada bilər.
Hesab edirəm ki, mövcud geosiyasi şərait Netanyahunun yenidən hakimiyyətdə qalması ehtimalını artırır. Onun hökuməti daxili siyasətdə müəyyən gərginliklərə səbəb olsa da, HƏMAS, Hizbullah və İran istiqamətində həyata keçirilən təhlükəsizlik siyasətinin cəmiyyətin müəyyən hissəsi tərəfindən uğurlu qiymətləndirilməsi seçkilərdə yenidən üstünlük qazanmasına təsir göstərə bilər.”
//Gülnarə Abasova, Editor.az

