ABŞ-da kişinin göz qapağındakı şişin səbəbi hər kəsi təəccübləndirdibackend

ABŞ-da kişinin göz qapağındakı şişin səbəbi hər kəsi təəccübləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bir kişinin göz qapağında əmələ gələn şişin səbəbi həkimləri belə təəccübləndirib. Məlum olub ki, uzun müddət keçməyən şişin altında parazit qurd yerləşib.

Editor.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.  

Məlumata görə, həşərat sancmasından sonra pasiyentin göz qapağında ağrılı şişkinlik yaranıb. Bir neçə gün sonra həmin şiş sərt düyünə çevrilib. Həkimlər ilkin olaraq bunun piy vəzisinin xoşxassəli iltihabı olduğunu ehtimal ediblər. Lakin beş ay keçməsinə baxmayaraq şiş yoxa çıxmadığından cərrahi müdaxilə zamanı ondan biopsiya nümunəsi götürülüb. Laborator müayinələr nəticəsində düyünün səbəbinin Dirofilaria repens (D. repens) adlı dairəvi parazit qurd olduğu müəyyən edilib.  

Mütəxəssislərin sözlərinə görə, bu parazit əsasən ağcaqanadlar vasitəsilə ötürülür. Onun təbii daşıyıcıları itlər və yenotlar hesab olunur. İnsanlar isə təsadüfi yoluxurlar və parazit vaxtında aşkar edilərək çıxarıldıqda infeksiya adətən ciddi təhlükə yaratmır.  

Pasiyentin xarici ölkələrə səfər etmədiyi bildirilib. Bu səbəbdən alimlər onun yerli heyvanlardan birindən yoluxduğunu ehtimal edirlər. Araşdırmaçılar hesab edirlər ki, Cənubi Kaliforniyada Aedes cinsinə aid ağcaqanadların sayının artması da bu parazitin yayılmasına şərait yarada bilər.  

//Gülnarə Abasova, Editor.az