Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiyalar paketi üzrə yekdil razılıq əldə edə bilməyiblər.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas məlumat verib. Onun sözlərinə görə, üzv dövlətlər arasında, xüsusilə Rusiyadan neft tədarükü ilə bağlı məsələlərdə fikir ayrılıqları qalmaqdadır.
Məlumata görə, əgər sanksiyalar paketi yay tətilinə qədər təsdiqlənməsə, onun qəbulunun payız aylarına qədər təxirə salınacağı istisna edilmir. Bildirilir ki, Rusiya nefti üçün qiymət tavanı ilə bağlı tədbirlər ayrıca paket şəklində nəzərdən keçirilə bilər.
Qeyd olunur ki, Avropa İttifaqı müzakirələr zamanı 21-ci sanksiyalar paketində yer alan bəzi mübahisəli müddəaları yumşaltmağa məcbur olub. Belə ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak edən şəxslərin Aİ ərazisinə girişinə qoyulacaq qadağanın tətbiq dairəsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması planlaşdırılır. Bundan əlavə, treska, mintay və bəzi digər balıq növlərinin Aİ-yə idxalına qadağa nəzərdə tutan müddəalar paketdən çıxarılıb. Rusiya mayeləşdirilmiş təbii qazı (LNG) və neft tankerlərinə qarşı sərt məhdudiyyətlərin tətbiqi də gündəmdən çıxarılıb.
//Gülnarə Abasova, Editor.az

