Aydın Quliyev: “Aİ Ermənistan üzərindən Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır”backend

Aydın Quliyev: “Aİ Ermənistan üzərindən Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ermənistanla əməkdaşlığı yeni mərhələyə keçirmək istiqamətində atdığı addımlar Cənubi Qafqazda geosiyasi proseslərə dair müzakirələri yenidən aktuallaşdırıb. Brüsselin İrəvan üçün yeni tərəfdaşlıq missiyası yaratmaq planı təkcə Aİ-Ermənistan münasibətlərinin inkişafı deyil, həm də regionda qüvvələr nisbətinin dəyişməsi baxımından diqqət çəkir. Ekspertlər hesab edirlər ki, bu təşəbbüsün təsirləri Azərbaycan-Ermənistan münasibətləri və bölgədə formalaşan təhlükəsizlik mühiti kontekstində də qiymətləndirilməlidir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistan üçün yeni əməkdaşlıq missiyası yaratmaq təşəbbüsü bir neçə ay əvvəl müəyyənləşdirilmiş siyasi strategiyanın tərkib hissəsidir.

“Burada əsas məqsəd Ermənistanın Rusiyadan gəlməsi ehtimal edilən təzyiqlər qarşısında, xüsusilə də hibrid təhdidlərə qarşı dayanıqlığının artırılmasıdır. Söhbət hərtərəfli dəstək mexanizmlərindən gedir. Maliyyə yardımından tutmuş ekspert və təlimatçıların cəlbinə qədər müxtəlif istiqamətlər üzrə yeni missiya üzvlərinin Ermənistana göndərilməsi nəzərdə tutulur. Bütün bunlar ilk növbədə Avropa İttifaqının Cənubi Qafqazda mövqelərinin gücləndirilməsinə xidmət edir. Digər tərəfdən isə Ermənistanın regionda əsas dayaq nöqtələrindən biri kimi möhkəmləndirilməsi məqsədi daşıyır.

Avropa İttifaqında hesab edirlər ki, Rusiyanın bölgədəki təsir imkanlarını mərhələli şəkildə zəiflətmək mümkündür. Onsuz da Moskvanın Cənubi Qafqazdakı mövqeləri son illər zəifləyib və vaxtilə Rusiyanın əsas tərəfdaşı hesab olunan Ermənistan artıq açıq şəkildə Avropaya inteqrasiya xəttini seçib. Belə şəraitdə Brüssel Ermənistanın Rusiyadan uzaqlaşmaq siyasətini dəstəkləmək adı altında əslində regionda öz geosiyasi mövqelərini möhkəmləndirməyə çalışır. Məqsəd Rusiyanın təsiri zəiflədikcə yaranacaq boşluğu doldurmaqdır. Başqa sözlə, Ermənistan vasitəsilə Avropa İttifaqı Cənubi Qafqazı böyük geosiyasi rəqabətin meydanına çevirmək niyyətini ortaya qoyur.”*

Analitik hesab edir ki, mövcud şəraitdə əməkdaşlıq imkanları qarşıdurmadan daha genişdir.

“Avropa İttifaqı ilə Rusiya arasında əməkdaşlıq üçün qarşıdurmadan daha çox imkan mövcuddur. Təəssüf ki, Ermənistanın həyata keçirdiyi siyasət bölgədə əməkdaşlıq mühitini gücləndirmək əvəzinə geosiyasi rəqabəti daha da dərinləşdirir. Şübhəsiz ki, Avropa İttifaqının bölgədə təsirinin artması geosiyasi balansı Rusiyanın zərərinə, Avropanın xeyrinə dəyişəcək. Ermənistanın ABŞ-la yaxınlaşmasını da nəzərə alsaq, Cənubi Qafqazda qüvvələr nisbətinin sürətlə dəyişdiyini görürük.

Belə bir şəraitdə Azərbaycan regionda baş verən bu prosesləri diqqətlə izləməli və xarici siyasət prioritetlərini yeni reallıqlara uyğun qiymətləndirməlidir. Eyni zamanda ölkəmizin müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərinə dair yanaşmalarının da yenidən nəzərdən keçirilməsi zərurəti yarana bilər. Çünki bölgədə formalaşan yeni vəziyyət Azərbaycanın iradəsindən asılı olmayaraq dəyişməkdə davam edir”.

//Gülnarə Abasova, Editor.az