Bugs Bunny və Daffy Duck-ın səsi olan aktyor vəfat etdibackend

Bugs Bunny və Daffy Duck-ın səsi olan aktyor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın uşaqlıq xatirələrində xüsusi yeri olan cizgi film qəhrəmanlarına səs verən amerikalı-kanadalı səsləndirmə aktyoru Erik Bauza 46 yaşında dünyasını dəyişib. O, “Looney Tunes” animasiya dünyasının məşhur personajları Bugs Bunny, Daffy Duck və Porky Pig-in müasir səsləndirilməsi ilə tanınırdı.

Editor.az xəbər verir ki, aktyorun vəfatı barədə ailəsi onun Instagram hesabında paylaşım edib. Ailənin məlumatına görə, Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertiza qurumları ölüm səbəbini hipertenziv ürək-damar xəstəliyi kimi müəyyənləşdirib.

Açıqlamada bildirilib ki, Emmy mükafatı laureatı olan Bauzanın qəfil ölümü ailəsi, yaxınları və animasiya sənayesi üçün böyük itkidir. Onunla bağlı əlavə məlumatların daha sonra açıqlanacağı qeyd edilib.

Onlarla məşhur cizgi qəhrəmanına səs verib

1979-cu ildə Kanadanın Toronto şəhərinin Skarboro bölgəsində anadan olan Erik Bauza Warner Bros. Animation studiyasında 15 il çalışıb. O, animasiya tarixinin ən məşhur səsləndirmə sənətkarlarından Mel Blancın yaratdığı ənənəni davam etdirərək bir sıra klassik personajlara yeni həyat verib.

Bauzanın səsləndirdiyi qəhrəmanlar arasında Bugs Bunny, Daffy Duck, Porky Pig, Road Runner, Elmer Fudd, Foghorn Leghorn və Marvin the Martian da olub. O, yüzlərlə başqa animasiya personajının səsləndirilməsində də iştirak edib.

Məşhur animasiya layihələrində də yer alıb

Aktyorun yaradıcılığı yalnız “Looney Tunes” ilə məhdudlaşmayıb. O, “The Adventures of Puss in Boots” və “Rise of the Teenage Mutant Ninja Turtles” kimi animasiya seriallarında da çalışıb.

Onun kino layihələri arasında 2021-ci ildə ekranlara çıxan “Space Jam: A New Legacy” və 2023-cü ildə nümayiş olunan “The Super Mario Bros. Movie” filmləri var. Bauza həmçinin “Rick and Morty”, “Minions & Monsters” və “Avatar: Seven Havens” layihələrində səsləndirmə işləri görüb, “Coyote vs. Acme” filmində də iştirak edib.

Warner Bros.-dan təsirli vida mesajı

Warner Bros. Television Group və US Networks şirkətlərinin rəhbəri Çenninq Danqey The Hollywood Reporter nəşrinə açıqlamasında aktyorun vəfatından kədərləndiyini bildirib.

Onun sözlərinə görə, Bauza özünəməxsus səs istedadı ilə dünyanın müxtəlif yerlərində milyonlarla insana sevinc və gülüş bəxş edib. Danqey onu animasiya dünyasının əfsanələrindən Mel Blancın yolunu davam etdirən sənətkar kimi xarakterizə edib.

O, həmçinin Bauzanın animasiya kollektivinin dəyərli üzvü olduğunu vurğulayaraq mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

\\ Aydan Bünyatova, Editor.az