İlham Əliyevin MDB qərarı: Azərbaycan regionda yeni mərhələyə hazırlaşır?backend

İlham Əliyevin MDB qərarı: Azərbaycan regionda yeni mərhələyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməyə hazır olduğunu açıqlaması ölkənin regional siyasəti və beynəlxalq əməkdaşlıq strategiyası baxımından diqqətçəkən məqamdır. Bu təşəbbüs Bakının müxtəlif çoxtərəfli platformalarda iştirakını genişləndirmək, tərəfdaş dövlətlərlə siyasi dialoqu gücləndirmək və ortaq maraqlar əsasında əməkdaşlıq imkanlarını artırmaq niyyətini ön plana çıxarır. Xüsusilə Türk dünyasının bir sıra dövlətlərinin MDB-də təmsil olunması Azərbaycanın mümkün sədrliyinə əlavə geosiyasi məzmun qazandırır.

Maraqlıdır, bəs bu qərar Azərbaycanın xarici siyasət prioritetləri və təşkilatın gələcək fəaliyyəti baxımından hansı perspektivlər vəd edir?

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında Azərbaycanın 2028-ci ildə MDB-yə ilk dəfə sədrlik etməyə hazır olduğunu bəyan etməsini əhəmiyyətli hadisə kimi qiymətləndirib:

“Azərbaycan müxtəlif beynəlxalq formatlarda fəaliyyət göstərir və bir sıra təşkilatların üzvüdür. MDB də həmin platformalardan biridir. Bununla belə, təşkilat yarandığı vaxtdan indiyədək geniş səlahiyyətlərə malik təsirli institusional mexanizmə çevrilməyib. Daha çox məsləhətləşmələrin aparıldığı, siyasi məsələlərin müzakirə edildiyi və üzv dövlətlər arasında dialoq üçün imkan yaradan platforma kimi çıxış edir.

MDB-yə sədrlik Azərbaycana ciddi praktiki dividendlər qazandırmasa da, bu, ölkənin beynəlxalq nüfuzu baxımından müəyyən əhəmiyyət daşıyır. Azərbaycan təşkilatın yarandığı ilk illərdən onun üzvüdür. Eyni zamanda, MDB-də Türk dünyasının və Mərkəzi Asiya respublikalarının bir sıra dövlətləri təmsil olunur. Bu amil həmin ölkələrlə münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əlavə imkanlar yarada bilər. Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. MDB platforması da bu istiqamətdə müəyyən rol oynaya bilər.

Təşkilata üzv beş türk dövlətinin mövcudluğu onların qarşılıqlı əlaqələrinin inkişafı və inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından əlavə əməkdaşlıq imkanları yaradır. Bununla yanaşı, Azərbaycanın digər MDB üzvləri ilə münasibətləri də ümumilikdə müsbət dinamika ilə səciyyələnir. Belarus və Tacikistanla əlaqələr inkişaf edir, Ermənistanla isə sülh prosesi davam etdirilir. Hesab edirəm ki, Azərbaycanın təşkilata sədrlik etməsinin məhz sülh mərhələsinə təsadüf etməsi xüsusi diqqətə layiqdir.

Azərbaycan və Ermənistan eyni təşkilatda təmsil olunsalar da, vaxtilə Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Həmin dövrdə MDB-nin bu məsələnin həllinə yönəlmiş təsirli və konkret fəaliyyətini görmədik. Bu səbəbdən təşkilata sədrlik məsələsini həddindən artıq böyük siyasi əhəmiyyətə malik hadisə kimi təqdim etmək düzgün olmazdı. Bununla belə, beynəlxalq nüfuz və diplomatik mövqelərin möhkəmləndirilməsi baxımından Azərbaycanın sədrliyə hazır olduğunu bildirməsi müsbət addımdır.

Digər tərəfdən, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda rəhbərliyi həyata keçirmək, onların fəaliyyətini səmərəli təşkil etmək və yeni təşəbbüslərlə çıxış etmək təcrübəsi var. Bu təcrübəni nəzərə alsaq, Azərbaycanın sədrliyi dövründə MDB-nin fəaliyyətində daha yaradıcı yanaşmaların və yeni təşəbbüslərin ön plana çıxa biləcəyini düşünmək olar”.

//Gülnarə Abasova, Editor.az