Klinik psixoloq Stanislav Samburski stresslə əlaqəli öskürəyin səbəblərini müəyyənləşdirmək və onunla mübarizə aparmaq üçün sakit nəfəs almağı və tutmaların hansı şəraitdə yarandığını izləməyi tövsiyə edib.
Editor.az xəbər verir ki, mütəxəssis bu barədə açıqlamasında bildirib.
Psixoloqun sözlərinə görə, həddindən artıq işləməyə meyilli olan, yorğunluğunu və orqanizmin ehtiyaclarını nəzərə almayan insanlar psixosomatik öskürəyə daha çox meyilli ola bilərlər. Daim işləmək və məhsuldar görünmək istəyi bəzən insanın yuxusuzluğa, yorğunluğa və gərginliyə əhəmiyyət verməməsinə səbəb olur. Uzunmüddətli stress isə sağlamlığa mənfi təsir göstərə bilər.
Bəzi hallarda öskürək insanın narahat söhbəti qısa müddətə dayandırmaq və ya cavab vermək üçün vaxt qazanmaq üsuluna çevrilə bilər. Məsələn, işgüzar görüş zamanı çətin sualla qarşılaşan şəxs dərhal cavab tapa bilmədikdə belə reaksiya göstərə bilər.
Stanislav Samburski tez-tez təkrarlanan və ya davamlı öskürək zamanı ilk növbədə terapevtə müraciət etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, öskürəyin səbəbinin məhz stress və ya vərdiş olduğunu müstəqil şəkildə müəyyənləşdirmək çətin ola bilər.
Mütəxəssis həmçinin öskürək tutmalarının nə zaman yarandığını, ondan əvvəl hansı hadisələrin baş verdiyini, insanın hansı düşüncə və emosiyalar keçirdiyini qeyd etməyi məsləhət görüb. Bu qeydlər simptomlarla müəyyən vəziyyətlər arasındakı əlaqəni aşkar etməyə kömək edə bilər. Məsələn, öskürəyin işgüzar görüşlərdən əvvəl güclənməsi, sakit şəraitdə isə nadir hallarda baş verməsi mümkün nümunələrdən biridir.
Öskürək tutması başladıqda bir qurtum su içmək, çiyinləri boşaltmaq və burun vasitəsilə yavaş nəfəs alıb ağızdan nəfəs vermək tövsiyə olunur. Psixoloqun fikrincə, bu üsullar diqqəti başqa istiqamətə yönəltməyə və yaranmış reaksiyanı dayandırmağa kömək edə bilər.
Psixosomatik öskürək psixoloji amillərlə əlaqəli ola bilən, lakin digər mümkün səbəblər istisna edildikdən sonra qiymətləndirilməli olan simptomdur. Davamlı öskürəyin infeksiya, tənəffüs yollarının xəstəlikləri və digər tibbi səbəblərlə bağlı ola biləcəyini nəzərə alaraq, diaqnoz üçün həkim müayinəsi vacibdir.
//Gülnarə Abasova, Editor.az

