Paşinyan çətin seçim qarşısında: Ermənistan İranı, yoxsa ABŞ-ni seçəcək?backend

Paşinyan çətin seçim qarşısında: Ermənistan İranı, yoxsa ABŞ-ni seçəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İrana qarşı sanksiya siyasətinin genişlənməsi Cənubi Qafqazda, xüsusilə də İranla sıx iqtisadi və tranzit əlaqələrə malik Ermənistan üçün yeni geosiyasi və iqtisadi çağırışlar yaradır. İrəvan bir tərəfdən Vaşinqtonla münasibətlərini dərinləşdirməyə, digər tərəfdən isə Tehranla mövcud iqtisadi əlaqələri qorumağa çalışır. Bu iki istiqamət arasında yaranan ziddiyyət Ermənistanın həm iqtisadi manevr imkanlarını, həm də regiondakı tranzit layihələrində iştirakını məhdudlaşdıra bilər. Eyni zamanda, Ermənistanın Qərbə yaxınlaşmasının İran və Rusiya tərəfindən necə qarşılanacağı Cənubi Qafqazda qüvvələr nisbətinə və regional əməkdaşlıq formatlarına da təsir göstərə biləcək amillərdəndir. Xüsusilə Azərbaycan üçün regionda nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və tranzit marşrutlarının şaxələndirilməsi baxımından bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi xüsusi əhəmiyyət daşıyır.

Siyasi şərhçi Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan tez-tez İranla ABŞ-nin sanksiyaları arasında seçim etmək məcburiyyətində qalacaq:

“Çünki elə bir məsələdir ki, eyni vaxtda həm ABŞ-nin sanksiyalarından yayınmaq, həm də İranla iqtisadi-ticarət əlaqələrini əvvəlki səviyyədə və hərtərəfli saxlamaq mümkünsüzdür.

Eyni zamanda, Ermənistan ABŞ ilə münasibətlərini inkişaf etdirmək istiqamətində İrandan müəyyən reaksiyalara da hazır olmalıdır. Həm də təkcə İrandan deyil, Rusiyanın özündən də Ermənistana qarşı müəyyən təpkilərin artacağı və daha aşkar xarakter alacağı gözləniləndir.

Paşinyan açıq şəkildə ABŞ-nin sanksiyalarına görə İranla münasibətlərə müəyyən məhdudiyyətlər qoyacağını bildirib. Paşinyan özü də başa düşür ki, bir tərəfdə İranla hərtərəfli əməkdaşlıq, digər tərəfdə isə ABŞ-nin sanksiyalarına hədəf olmaq məsələsi var. Burada Paşinyan ciddi seçim etmək məcburiyyətindədir və belə bir seçim qarşısında qalacaq.

Eyni zamanda, bu günlərdə Rusiyanın keçmiş prezidentinin İran mediasında Ermənistana yönəlik sərt xəbərdarlıqlar səsləndirməsi də müəyyən nəticələrə gəlməyə əsas verir. Əsas çıxarılmalı nəticə ondan ibarətdir ki, İranın və Rusiyanın Ermənistana yönəlik siyasətində açıq şəkildə koordinasiya etmək cəhdləri var. Yəni artıq İranda da, Rusiyada da başa düşürlər ki, Ermənistan Qərblə əməkdaşlıqdan imtina etmək fikrində deyil. Buna görə də Ermənistana qarşı İranın və Rusiyanın birlikdə siyasət aparacaqları yeni bir mərhələ açılır.

Bu mərhələdə Ermənistan üçün həqiqətən çıxış yolu tapmaq və balanslı siyasət aparmaq olduqca çətin olacaq. Çünki Ermənistanın Qərblə əməkdaşlığı eyni dərəcədə İranı da, Rusiyanı da məmnun etmir. Medvedevin də Tehranda, Tehran mediasında verdiyi həmin bəyanat, Ermənistanın növbəti Ukrayna ola biləcəyi ilə bağlı xəbərdarlığı deməyə əsas verir ki, Ermənistana qarşı İranın və Rusiyanın birgə siyasəti açıq şəkil alacaq. Ona görə belə şəraitdə Paşinyan yəqin ki, Qərblə əməkdaşlığını əvvəlki sürətlə davam etdirməyə üstünlük verəcək ki, bu da Ermənistanın vəziyyətində müəyyən mürəkkəbliklər, eləcə də regiondakı vəziyyətə müəyyən qədər təsir göstərib dəyişiklik yarada bilər”.

//Gülnarə Abasova, Editor.az