Həkim axşam saatlarında ayaqlarda yaranan şişkinliyin təhlükəli səbəblərini açıqlayıbbackend

Həkim axşam saatlarında ayaqlarda yaranan şişkinliyin təhlükəli səbəblərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam saatlarında ayaqlarda yaranan şişkinlik ürək-damar sistemindəki problemlərin əlaməti ola bilər. Qidalanma rejimində dəyişiklik olmadığı halda qısa müddətdə səbəbsiz çəki artımı və hər iki ayaqda şişkinlik müşahidə edilərsə, bu əlamətlər diqqətdən kənarda qalmamalıdır.

Editor.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və endokrinoloq Anastasiya Samoylova bu barədə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, gün ərzində uzun müddət ayaqüstə qalmaq və ya oturmaq nəticəsində maye aşağı ətraflarda toplana bilər. Lakin ürəyin fəaliyyəti zəiflədikdə venoz qanın ayaqlardan ürəyə doğru hərəkəti çətinləşir və toxumalarda artıq mayenin yığılması baş verir. Bu vəziyyət əvvəlki infarkt, uzunmüddətli arterial hipertenziya və ya kardiomiopatiya kimi xəstəliklərlə əlaqəli ola bilər.

Həkim qeyd edib ki, ürək mənşəli şişkinlik, adətən, hər iki ayaqda eyni vaxtda yaranır. İlk növbədə pəncə və topuq nahiyəsində müşahidə olunan ödem tədricən baldır boyunca yayıla bilər. Şişmiş nahiyəyə barmaqla basdıqda dəridə çökəklik qalması da bu vəziyyətin xarakterik əlamətlərindən biridir. Bəzi hallarda dəri gərginləşə, göyümtül rəng ala və ayaqlar toxunduqda soyuq hiss edilə bilər.

Mütəxəssisin sözlərinə görə, böyrək və ürək xəstəlikləri zamanı yaranan şişkinliklər arasında müəyyən fərqlər var. Böyrək mənşəli ödemlər daha çox səhər saatlarında üz və göz ətrafında, eləcə də barmaqlarda müşahidə olunur. Ürək mənşəli şişkinlik isə gün ərzində, xüsusilə uzun müddət oturduqdan və ya ayaqüstə qaldıqdan sonra daha nəzərəçarpan olur. Səhər azalan şişkinlik axşam saatlarında yenidən arta bilər.

Ayaqlarda ödemin yaranmasına səbəb olan amillərdən biri də xroniki venoz çatışmazlıqdır. Bu zaman damar qapaqcıqlarının fəaliyyəti pozulduğundan qan aşağı ətraflarda toplanır. Nəticədə ayaqlarda ağırlıq, dolğunluq, yanma və qaşınma hissi yarana, damarlar nəzərə çarpa, topuq ətrafındakı dəri isə tündləşə bilər. Ürək mənşəli şişkinliklərdən fərqli olaraq, venoz çatışmazlıq zamanı görünən damar dəyişiklikləri daha çox rast gəlinir.

Həkim diqqətə çatdırıb ki, səbəbsiz çəki artımı da orqanizmdə mayenin yığılmasının göstəricisi ola bilər. Qidalanma rejimi dəyişmədiyi halda üç gün ərzində təxminən 2 kiloqram çəki artımı müşahidə edilərsə, tibbi müayinədən keçmək tövsiyə olunur. Xüsusilə ayaqlarda şişkinliklə yanaşı fiziki hərəkət zamanı tez yorulma və nəfəs darlığı kimi əlamətlər yaranarsa, ürəyin fəaliyyəti qiymətləndirilməlidir.

Mütəxəssis 40 yaşdan yuxarı və azhərəkətli həyat tərzi keçirən şəxslərə çəkilərini müntəzəm izləməyi tövsiyə edib. Qısa müddətdə nəzərəçarpan çəki artımı və davamlı şişkinlik aşkarlandıqda həkimə müraciət etmək vacibdir.

Qeyd edək ki, ayaqlarda şişkinlik müxtəlif səbəblərdən yarana bilər və bu əlamət təkbaşına ürək xəstəliyinin göstəricisi hesab edilmir. Şişkinlik qəfil nəfəs darlığı və ya sinə ağrısı ilə müşayiət olunarsa, təcili tibbi yardım çağırılmalıdır.

//Gülnarə Abasova, Editor.az