Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi müğənni Güllünün ölümü ilə bağlı qızı Tuğyan Ülkəm Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasına dair əsaslandırılmış qərarı açıqlayıb.
Məhkəmə Tuğyan Ülkəm Gülterin anasını pəncərədən itələdiyi qənaətinə gəlib.
Qərar qəbul edilərkən şahid Sultan Nur Ulunun ifadələri və məhkəmə-tibbi ekspertizasının nəticələri nəzərə alınıb. Ekspertiza zamanı pəncərənin kənarında sürüşməyə səbəb ola biləcək maddə qalıqları aşkarlanmayıb.
Bununla yanaşı, məhkəmə qətlin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən kifayət qədər sübutun olmadığını bildirib. Qərardan iki həftə ərzində apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, müğənni Güllü 2025-ci il sentyabrın 26-da Yalovanın Çınarcık rayonunda yerləşən altımərtəbəli binanın pəncərəsindən yıxılaraq həyatını itirib. Onun qızının vəkili hökmü qanunsuz hesab etdiyini və ondan şikayət verəcəyini açıqlayıb. (Oxu.Az)

