“OpenAl” şirkətinin rəhbəri Sam Altman-ın kibertəhlükəsizliklə bağlı xəbərdarlığı süni intellektin yaratdığı yeni riskləri gündəmə gətirib. Altmanın fikrincə, proqram təminatındakı bütün boşluqları aradan qaldırmaqla təhlükəsizliyi təmin etmək getdikcə çətinləşir.
Mövzu ilə bağlı Editor.az-a danışan PR və kommunikasiya mütəxəssisi Aida Ramiz hesab edir ki, süni intellektin inkişafı kibertəhlükəsizliyə yanaşmanın köklü şəkildə dəyişməsini tələb edir.
“Burada əsas məsələ yalnız texnologiyanın nə qədər inkişaf etməsi deyil, onun yaratdığı riskləri nə dərəcədə idarə edə bilməyimizdir. Süni intellekt kibertəhdidlərin daha sürətli və mürəkkəb xarakter almasına şərait yarada bilər. Bu isə şirkətlər üçün həm texniki, həm də reputasiya baxımından ciddi çağırışdır.
Kiberhücum nəticəsində məlumatların sızması şirkətin fəaliyyətinə təsir etməklə yanaşı, müştərilərin etimadını da sarsıda bilər. Belə hallarda böhranın düzgün idarə olunması, şəffaf kommunikasiya və operativ məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.
Hesab edirəm ki, şirkətlər süni intellekt strategiyası hazırlayarkən kibertəhlükəsizliyi və böhran kommunikasiyasını ayrıca deyil, vahid risk idarəetmə sisteminin tərkib hissəsi kimi nəzərdən keçirməlidirlər. Çünki texnologiyanın inkişafı ilə yanaşı, ona görə məsuliyyət də artır”.
Aida Ramizin fikrincə, yeni dövrdə şirkətlərin dayanıqlılığı yalnız texnoloji imkanları ilə deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək və ictimai etimadı qorumaq bacarığı ilə də ölçüləcək.
//Gülnarə Abasova, Editor.az

