İrəvan sülh prosesini uzadır?- Aydın Quliyevdən diqqətçəkən açıqlamabackend

İrəvan sülh prosesini uzadır?– Aydın Quliyevdən diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı fərqli tarixlər səsləndirməsi Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin gələcək istiqaməti ilə bağlı suallar doğurur. Cənubi Qafqazda davamlı sülhün təmin olunması tərəflərin yalnız siyasi bəyanatları ilə deyil, konkret öhdəliklərə sadiqliyi və əldə olunmuş razılaşmaların icrası ilə mümkündür. Bu baxımdan rəsmi İrəvanın açıqlamalarındakı ziddiyyətlər, eləcə də sülh müqaviləsinin imzalanmasına dair qeyri-müəyyənlik yaradan məqamlar prosesin perspektivlərinin qiymətləndirilməsini zəruri edir. Ermənistanın real siyasi iradəsinin hansı addımlarla üzə çıxacağı, mövcud fikir ayrılıqlarının sülh gündəliyinə necə təsir göstərəcəyi və Azərbaycanın gözləntilərinin nə dərəcədə nəzərə alınacağı hazırda diqqət mərkəzində olan məsələlərdəndir.

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin sülh sazişinin imzalanmasına münasibəti sabit və ardıcıl deyil:

“Bəzən ziddiyyətli açıqlamalar verilir, bəzən prosesi gecikdirmək cəhdləri müşahidə olunur, bəzən isə müxtəlif bəhanələrlə sülh sazişinin imzalanması prosesini dayandırmağa yönələn yanaşmalar ortaya çıxır.

Əlbəttə, sülh prosesinin uğurla nəticələnməsinin zəruri şərti bu istiqamətdə prinsipiallığın, ardıcıllığın və fasiləsizliyin təmin edilməsidir. Təəssüf ki, Ermənistan rəhbərliyinin fəaliyyətində bu prinsiplərin gözlənildiyini görmürük.

Əvvəlcə 2025-ci ildə, daha sonra isə 2026-cı ilin təxminən iyul-avqust aylarında yeni konstitusiyanın layihəsini müzakirəyə təqdim edəcəklərini bildirsələr də, bu istiqamətdə heç bir addım atılmadı. Sonra baş nazir səviyyəsində sülh sazişinin 2031-ci ilə qədər imzalanacağı bildirildi, daha sonra isə 2028-ci il sazişin imzalanması üçün mümkün tarix kimi göstərildi. Bütün bunlar sadəcə ziddiyyətlər deyil, Ermənistan rəhbərliyinin sülh sazişinin imzalanması istiqamətində ardıcıl mövqe nümayiş etdirmədiyinin əlamətləridir. Bu vəziyyət onu göstərir ki, Ermənistan rəhbərliyi hələlik sülh sazişinin imzalanması ilə bağlı qəti qərara gəlməyib.

Bu, müxtəlif səbəblərlə bağlı ola bilər. Belə yanaşma Ermənistan rəhbərliyinin ümumiyyətlə Azərbaycanla sülh sazişi imzalamaq istəməməsinin ifadəsi də ola bilər. Prosesi uzatmaqla müxtəlif dünya və regional güclərdən daha çox siyasi və digər dividendlər əldə etmək məqsədi daşıya bilər. Başqa ehtimallar da mümkündür. Lakin Ermənistan rəhbərliyinin sülh sazişinə ziddiyyətli yanaşması, şübhəsiz ki, sülh prosesinin normal gedişinə mane olur və sazişin yaxın vaxtlarda imzalanması perspektivlərini zəiflədir. Eyni zamanda, həm ölkələrin, həm də xalqların sülhə olan inamını sarsıdır.

İlk növbədə, Ermənistan cəmiyyətində mövcud ziddiyyətlər əhalinin sülhə hazırlanması prosesinə mane olur. Belə bir məntiq formalaşır ki, əgər Paşinyan sülh sazişini imzalamaqda qətiyyətli olsaydı, bu cür ziddiyyətli açıqlamalar verməzdi. Nəticədə erməni ictimaiyyəti də həmin yanaşmanın təsiri altına düşür.

Digər tərəfdən, Ermənistan-Azərbaycan sülh sazişini böyük perspektivlərin açarı kimi qiymətləndirən region ölkələri də ruhdan düşürlər. Azərbaycan dövləti olaraq biz də sülh sazişinin imzalanması üçün Ermənistana göstərdiyimiz xoşməramlı münasibətin və atdığımız addımların nəticə vermədiyi qənaətinə gəlirik.

Ən əsası isə budur ki, artıq sülh sazişinin imzalanması prosesinə qoşulmuş ABŞ kimi böyük dövlətin rəhbərliyinin də bu prosesin perspektivlərinə münasibəti dəyişə bilər. Bununla belə, hələlik sülh sazişinin imzalanmasında vasitəçilik təşəbbüsünü öz üzərinə götürmüş ABŞ prezidentinin Paşinyanın ziddiyyətli sülh açıqlamalarına hər hansı reaksiyasını görmürük. Fikrimcə, Paşinyanın ziddiyyətli sülh açıqlamaları və ABŞ rəhbərliyinin bu ziddiyyətlərə sükutla yanaşması eyni dərəcədə mənfi və zərərli rol oynayır”.

//Gülnarə Abasova, Editor.az