“Azərbaycanın kiməsə yol göstərmək iddiası yoxdur, amma öz yolunu müəyyənləşdirmək hüququ da müzakirə mövzusu ola bilməz. Müstəqil dövlətin necə yaşamalı olduğunu, hansı seçimləri etməli olduğunu heç kim diktə edə bilməz.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı da məhz bu prinsipial mesajı ilə diqqət çəkib”.
Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışını şərh edərkən deyib.
Fərid Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Azərbaycan üçün milli kimliyin qorunması, multikultural dəyərlərin yaşadılması və dövlət suverenliyinin möhkəmləndirilməsi bir-birini tamamlayan əsas istiqamətlərdir. Dövlət başçısının diqqət çəkdiyi tarixi təcrübə göstərir ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri vahid dövlətçilik ideyası ətrafında birləşərək dinc şəraitdə yaşaya bilərlər.
Siyasi şərhçinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Qafqaz Albaniyasından başlayaraq müxtəlif dövlətçilik mərhələlərini əhatə edən tarixi və zəngin mədəni irsi bu gün də milli kimliyimizin əsas dayaqlarındandır.
Fərid Şahbazlı qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi də mühüm yer tutur. Uzun illər beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətindəki qərarlarının nəticəsiz qalması Azərbaycanın öz gücünə arxalanmasını zəruri edib. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın olur ki, davamlı sülh üçün siyasi iradə ilə yanaşı, beynəlxalq hüquqa hörmət və dövlətlərin ərazi bütövlüyünün tanınması da vacibdir.
Siyasi şərhçi Prezidentin suverenlik və daxili işlərə qarışmamaq prinsipi ilə bağlı mesajlarına da diqqət çəkib. Onun sözlərinə görə, dövlət başçısının çıxışından aydın olur ki, Azərbaycan öz inkişaf yolunu müstəqil müəyyənləşdirir və heç bir kənar müdaxiləni qəbul etmir.
“Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır və özünə qarşı da eyni münasibəti gözləyir. Heç kim müstəqil dövlətə necə yaşamalı olduğunu diktə etməyə çalışmamalıdır. Hər bir ölkənin öz tarixi, milli dəyərləri və inkişaf xüsusiyyətləri var. Beynəlxalq münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında qurulmalıdır”, – deyə Fərid Şahbazlı vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlərdə də özünü göstərir. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı, o cümlədən İslam dünyası ilə əməkdaşlığın genişləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu gücləndirir.
Fərid Şahbazlının fikrincə, Prezident İlham Əliyevin forumdakı çıxışının əsas mesajlarından biri Azərbaycanın milli kimliyinə sadiq qalaraq müstəqil siyasətini davam etdirməsi və beynəlxalq əməkdaşlığa qarşılıqlı hörmət prinsipi ilə yanaşmasıdır. Azərbaycanın gələcək inkişafı da milli birliyin qorunması, suverenliyin möhkəmləndirilməsi və regionda davamlı sülhün təmin olunması ilə sıx bağlıdır.

