Kartdan-karta köçürmələrdə 20 min manat həddi: Vətəndaşları nə gözləyir?backend

Kartdan-karta köçürmələrdə 20 min manat həddi: Vətəndaşları nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Azərbaycanda bank kartları üzərindən həyata keçirilən pul köçürmələrinə və nağdlaşdırma əməliyyatlarına tətbiq olunan məhdudiyyətlər geniş müzakirə olunur. Mövcud qaydalara əsasən, fiziki şəxslərin kartdan-karta (P2P) köçürmələri üçün aylıq limit 20.000 manat, gündəlik əməliyyat sayı isə 5 olaraq müəyyən edilib. Eyni zamanda, Maliyyə Monitorinqi Xidmətinin xüsusi nəzarətinə düşən iri həcmli köçürmə həddinin 50.000 manata qaldırılması kölgə iqtisadiyyatı ilə mübarizə və şəffaflığın artırılması məqsədi taşıyır. Ekspertlər bildirirlər ki, bu addımlar bir tərəfdən qanunsuz maliyyə dövriyyəsinin qarşısını alsa da, digər tərəfdən sıravi vətəndaşlar və kiçik sahibkarlar üçün müəyyən çətinliklər yaradır. Yaranmış vəziyyət bank-maliyyə sektorunda yeni tənzimləmələrin cəmiyyətə və biznes mühitinə təsirləri baxımından kompleks qiymətləndirmə tələb edir.

Maraqlıdır, artdan-karta köçürmələrə tətbiq edilən 20.000 manatlıq aylıq limit və 50.000 manatdan yuxarı əməliyyatların dövlət nəzarətinə keçməsi iqtisadiyyatda şəffaflığın təmin olunmasına necə təsir göstərəcək və bu qaydalar sıravi vətəndaşların gündəlik maliyyə fəaliyyətinə hansı çətinlikləri gətirə bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiqlənən yeni qərarlar əsasən çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsinə yönəlib:

“Belə ki, yeni qaydalara əsasən, bir təqvim ili ərzində 20 min manatdan artıq elektron köçürmələr Maliyyə Monitorinqi Xidməti tərəfindən monitorinq edilərək qiymətləndiriləcək.

Əslində, bu, 20 min manatdan artıq ödənişlərin həyata keçirilməsinin qadağan edilməsi demək deyil. Əgər elektron ödənişlər çirkli pulların yuyulmasına xidmət etmirsə və əsaslandırılmış köçürmələrdirsə, fiziki və hüquqi şəxslər həmin əməliyyatları həyata keçirmək imkanına malik olacaqlar.

Söhbət 20 min manatlıq həddə çatıldıqdan sonra həyata keçirilən köçürmələrdən gedir. Bu halda bank tərəfindən həmin əməliyyatlarla bağlı Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim olunacaq və xidmət tərəfindən onların qısa müddət ərzində qiymətləndirilməsi və monitorinqi aparılacaq. Bundan sonra isə köçürmə ilə bağlı müvafiq qərar veriləcək.

Əgər əməliyyatlar çirkli pulların yuyulması ilə bağlı deyilsə və qeyri-leqal xarakter daşımırsa, həmin köçürmələr əvvəlki qaydada həyata keçiriləcək.

Digər mühüm dəyişiklik hesabatlılığın artırılması ilə bağlıdır. Yeni qaydalar köçürmələri həyata keçirən qurumların müvafiq məlumatları Maliyyə Monitorinqi Xidməti ilə bölüşməsini nəzərdə tutur. Yəni maliyyə qurumları, banklar və ya köçürməni həyata keçirən digər təşkilatlar bu məlumatları xidmətə təqdim edirlər. Bu da öz növbəsində hesabatlılığın artırılmasına xidmət edir.

O baxımdan, bütövlükdə şəffaf fəaliyyət göstərən, leqal köçürmələr həyata keçirən vətəndaşların, eləcə də sahibkarların ödənişləri ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Məqsəd məhdudiyyət tətbiq etmək deyil, çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirməkdir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Editor.az-a açıqlamasında bildirib ki, onun iqtisadi baxışlarına görə, maliyyə əməliyyatlarına tətbiq olunan məhdudiyyətlər iqtisadi fəallığa mənfi təsir göstərə bilər:

“Qanunla qadağan olunmuş fəaliyyət növləri ilə bağlı məhdudiyyətlər, sərt cəzalardan başqa digər istənilən maliyyə məhdudiyyəti, pul köçürmələri və nağdlaşdırma ilə bağlı bu cür məhdudiyyətlərin tətbiqi, bilirsiniz nəyə bənzəyir? Məsələn, kiçik rəqəmlərlə izah etsək, 10 nəfər iqtisadi fəaliyyətlə məşğuldur. Bunun 1 nəfəri qeyri-qanuni və yaxud da boz sxemlərlə məşğuldur. Həmin 1 nəfərin qarşısını almaq üçün 10 nəfərə qadağa qoyulur və nəticədə 9 nəfər də bundan əziyyət çəkir. Belə yanaşma doğru deyil.

Konkret cinayət əməlləri və qanun pozuntuları varsa, həmin şəxslərlə bağlı dövlət öz sərt üzünü göstərməli, tənzimləmə qaydalarına və qanunvericiliyə uyğun olaraq cəzalandırma mexanizmlərini işə salmalıdır. Amma birdən-birə hamı üçün qadağaların tətbiq edilməsi, qurunun oduna yaşın da yanması doğru deyil. Belə yanaşmanın özü də, fəlsəfəsi də doğru deyil.

İkincisi, burada mülkiyyət hüququnun pozulması əlamətləri də var. Bax, pul mənimdirsə, pul mənim mülkiyyətimdir. Əgər bu pulu mən istədiyim kimi xərcləyə, köçürə və yaxud istifadə edə bilmirəmsə, mənim mülkiyyət hüquqlarım da pozulur. Bu, fiziki şəxslərə də ciddi təsir edir.

Bütün bunların əsas səbəbi, elan olunan səbəb odur ki, vergidən yayınmanın qarşısını almaq, şəffaflığı artırmaq istəyirlər. Lap yaxşı. Vergidən yayınmanın qarşısını almaq istəyiriksə, niyə vergidən yayınmaq cəhdləri çoxalıb, bunu araşdırmaq lazımdır. Niyə biznes daha çox vergidən yayınmağa cəhd göstərir? Niyə onun izafi xərcləri artıb? Niyə əlavə xərcləri yaranıb?

Tək vergi deyil axı, o qədər əlavə xərclər yaranıb ki: lisenziyalaşma, standartlar, icazələrin alınması, texniki şərtlər… Bütün bunlar da vergidir, nə fərqi var? Ona görə də qadağa məntiqi ilə iqtisadiyyatı idarə etmək doğru deyil. Qadağa məntiqi SSRİ-nin sonunu gətirən bir məntiq oldu. SSRİ-də də hər şey qadağa məntiqi üzərində qurulmuşdu. Ona görə də iqtisadiyyat daha çox azadlıq, daha çox sərbəstlik, daha çox rəqabət sevir”.

//Gülnarə Abasova, Editor.az