Putinə daha bir BƏD xəbər – Ukrayna BUNU da bacardıbackend

Putinə daha bir BƏD xəbər – Ukrayna BUNU da bacardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstənilən müharibəni başlamaq asan, onu dayandırmaq isə qat-qat çətindir. Çünki sülh quruculuğu, xaqllar arasında qarşılıqlı etimadın bərpası, düşmənçiliyin unudulması heç də asan deyil. Müharibəyə gətirən səbəblərin aradan qaldırılması da elə.

Qalibin olmayacağı Rusiya-Ukrayna müharibəsi, daha doğrusu, birincinin ikinciyə qarşı hərbi təcavüzü əslində baş verməməli idi. Əfsus ki, oldu. Necə deyərlər, səhvin ikisi Putində, biri Zelenskidə… iki qohum xalqın qanı töküldü və tökülməyə davam edir. Sonu isə hələ ki, görünmür. Ona görə ki, qalib bilinmir.

Görünən odur ki, 5 ildir fəal müdafiəyə çəkilən Ukrayna artıq öz göbəyini özü kəsmək zorunda qalıb. Özəlliklə Qərbi Avropa dövlətlərinin maliyyəsi və texnologiyası hesabına bir çoxunun gözləmədiyi halda Avropada ən döyüşkən ordu qurub və onu təkmilləşdirməyə davam edir. O dərəcədə ki, artıq Yaxın Şərq ölkələrinə İrandan qorumaq üçün müasir dronlar satır, həmin ölkələrə mütəxəssislər göndərir (Tehran təlaşını artıq büruzə verib)…

Что известно о ЗРК Patriot, которых ждет от США Украина

Bu arada məlum olub ki, Ukrayna ABŞ-nin “Patriot” raket sisteminə alternativ sayılan “Freyja” raketdən müdafiə sistemi layihəsinin özünə aid hissəsini tamamlayıb və digər 10 tərəfdaş ölkə tərəfindən də komponentlərin hazırlanmasının tamamlanmasını gözləyir. Ondan sonra isə sınaqlar başlayacaq. Prezident Volodimir Zelenski bu uğuru elan eləməklə yanaşı, tərəfdaş ölkələri işi sürətləndirməyə çağırıb.

“Freyja” “Patriot” ballistik raket tutucu sisteminə ən əlverişli alternativ olaraq hazırlanır. On ölkənin hər biri sistemin ayrı-ayrı komponentlərinə cavabdehdir. Sözügedən layihənin Avropaya və Ukraynaya öz raketdən müdafiə sistemini inkişaf etdirməyə imkan verəcəyi və ABŞ-dən asılılığı azaldacağı gözlənilir…

Təbii ki, Moskva üçün bəd xəbərdir. Təkcə ona görə yox ki, yeni sistem Rusiyanın Ukraynaya dəqiq raket zərbələri endirmək imkanlarını zəiflədəcək, həm də o səbəbə ki, Ukraynanın ABŞ-dən silah asılılığını azaldacaq. Bu isə danışıqlar masası arxasında daha güclü, daha müstəqil, daha inamlı mövqe deməkdir.

Rusiyanı ən çox rahatsız edən də hərbi-texnoloji baxımdan Ukraynanın irəlidə getməsi və hətta aradakı məsafəni get-gedə böyüməsidir. Əlbəttə, Putini həm də Ukrayna və onun liderinin ABŞ-dən və onun prezidentindən asılılığının azalması təlaşlandırır. Bunun nəticəsidir ki, Ukrayna rəhbəri Donald Trampın təslimçi sülh təklifini indi arxayıncasına geri çevirə bilir. 3-4 il qabaq bu mümkünsüz idi.

Maraqlıdır ki, məhz bu gəlişmələr fonunda Putinin Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün 5 ildə ilk dəfə Avropa ilə əlaqə qurmağa çıxdığı haqda xəbər yayılıb. Bloomberg özünün məlumatlı mənbələrinə istinadla bildirib ki, Rusiya lideri Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Stör ilə telefon danışıqlarına hazırlaşır. Agentliyə görə, danışıqların əsas mövzusu Ukraynada sülh sazişinin perspektivləri olacaq…

Sözsüz ki, bu müharibə də nə vaxtsa və hansısa anlaşma sənədinin imzalanması illə bitəcək. Ancaq çoxsaylı insan itkiləri, o sırada günahsız adamların, uşaqların ölümü, milyonlarla insanın didərgin düşməsi öz yerində, acı təəssüf doğuran həm də bu mənasız müharibəyə və silahlanmaya milyardlarla dollar vəsaitin xərclənməsidir. Halbuki həmin vəsait hər iki ölkənin əhalisinin rifahının yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, zavod-fabriklərin qurulmasına, səhiyyə sisteminin müasirləşdirilməsinə yönəldilə, o cümlədən ağır əməliyyat gözləyən yüzlərlə körpənin xilası üçün kasıb valideynlərinə maddi dəstək qismində verilə bilərdi.

Heç olmasa, ziyanın yarısından qayıdılacaqmı? Hərgah, “yarıdan” da keçib…

Musavat.com