Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarının hərəkəti, səs siqnallarından həddindən artıq istifadə və bəzi hallarda qaydaların kobud şəkildə pozulması həm sürücülər, həm də piyadalar üçün real problemlər yaradır. Bütün bunlar fonunda cəmiyyətdə bir sual getdikcə daha çox səslənir: toy karvanları ənənə olaraq qorunub saxlanılmalıdır, yoxsa ictimai təhlükəsizlik naminə bu adətə hüquqi məhdudiyyətlər tətbiq edilməlidir?
Editor.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, toy karvanları ilə bağlı yol polisinə dəfələrlə müraciətlər edilib, maarifləndirici sosial çarxlar və animasiyalar hazırlanıb.
Onun sözlərinə görə, tövsiyələrə əsasən toy karvanında 6-dan artıq avtomobilin iştirakı məqsədəuyğun sayılmır.
“Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır”.
Ekspert sosial şəbəkələrdə yayılan son görüntülərə də toxunaraq qeyd edib ki, bəzi sürücülər kilometrlərlə məsafəni avtomobili arxa istiqamətdə idarə edərək qət edir ki, bu da son dərəcə məsuliyyətsiz və təhlükəli hərəkətdir:
“Bu, fəxr olunası hal deyil. Toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir.
Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir. Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər.
Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir. Düşünürəm ki, zamanla bu ənənə ya daha təhlükəsiz formada davam etdiriləcək, ya da tədricən aradan qalxacaq”.

