İranla ABŞ arasında davam edən təmaslar fonunda səslənən son bəyanatlar tərəflərin hələ də ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyini göstərir. Tehran danışıqlarda daha sərt və iddialı mövqe nümayiş etdirməyə çalışsa da, Vaşinqtonun bu tələblərə necə reaksiya verəcəyi əsas müzakirə mövzusu olaraq qalır. Mövcud vəziyyət bölgədə hərbi-siyasi balansın hansı istiqamətdə dəyişəcəyinə dair sualları da yenidən gündəmə gətirir.
Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, aprelin 22-də atəşkəs razılaşmasının uzadılması gözlənilən idi:

“Çünki bütün ehtimallar bunu deməyə əsas verirdi. Tərəflərin heç biri qarşı tərəfin şərtlərini qəbul etmək niyyətində deyildi və nəticədə də belə oldu. Hesab edirəm ki, atəşkəs rejiminin müddətinin uzadılması müəyyən mənada İran tərəfinə üstünlük qazandırdı. Atəşkəsin sonunda ABŞ-nin sərt addımlar atacağı ilə bağlı gözləntilər özünü doğrultmadı və artıq dünya mediasında da İranın nisbi üstünlük əldə etməsi barədə fikirlər yer alır.
İranın irəli sürdüyü şərtlər ABŞ üçün kifayət qədər qəbuledilməzdir. Eyni zamanda, Vaşinqtonun mövqeyi də Tehran üçün qəbulolunan deyil. Buna baxmayaraq, aprelin 8-də əldə edilən 14 günlük atəşkəs və onun sonradan uzadılması fonunda cənub qonşumuzun müəyyən üstünlük qazandığı barədə fikirlər daha çox səslənir. İran da bu üstünlüyü asanlıqla itirmək niyyətində deyil.
Livan məsələsinə gəldikdə isə, İran üçün əsas tələblərdən biri bu ölkəyə qarşı əməliyyatların tamamilə dayandırılmasıdır. Göründüyü kimi, Tehran üçün Livan mövzusu qırmızı xətt hesab olunur.
Düşünürəm ki, hazırkı şəraitdə Tramp administrasiyası bu şərtləri asanlıqla qəbul etməz və Qalibafın səsləndirdiyi tələbləri yerinə yetirməz. Bu, ABŞ üçün siyasi məğlubiyyət görüntüsü yarada bilər. Daha real variant tərəflərin ortaq yol tapmasıdır. Çünki alternativ yol demək olar ki, yoxdur. Açığı, tərəflər sərt bəyanatlar versələr də, nə ABŞ, nə də İran müharibənin davam etməsində maraqlı görünür. Doğrudur, burada İsrail maraqlı tərəflərdən biri kimi görünür. Lakin İsrail də əksər hallarda ABŞ-nin strateji xəttinə uyğun hərəkət edir.
Hər halda, atəşkəs rejiminin nə qədər uzadılacağı hələ məlum deyil. Bunun yekununda hansı hadisələrin baş verəcəyini indidən söyləmək tezdir. Güman edirəm ki, ayın sonuna qədər bir çox məqamlar daha aydın şəkildə üzə çıxacaq”.
//Gülnarə Abasova, Editor.az

