ABŞ və İran arasında atəşkəs rejiminin növbəti dəfə uzadılması Yaxın Şərqdə vəziyyətin sabitləşdiyi anlamına gəlmir. Əksinə, bu proses bölgədə geosiyasi maraqların yenidən hesablandığını, tərəflərin isə daha geniş strateji məqsədlər üçün vaxt qazandığını göstərir. Mövcud şəraitdə əldə olunan hər hansı müvəqqəti razılaşma davamlı sülhdən çox, yeni mərhələyə hazırlıq xarakteri daşıyır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ/İsrail-İran qarşıdurmasının yaxın perspektivdə hər hansı sülh sazişi ilə nəticələnəcəyini gözləmək doğru olmazdı:
“Çünki problemin mahiyyəti yalnız müharibə aparan tərəflərlə məhdudlaşmır. Hətta demək olar ki, məsələ Yaxın Şərq sərhədlərini aşacaq qədər geniş miqyas daşıyır. Bəsrə körfəzi və Hörmüz boğazı hazırda qlobal ticarət və enerji daşımalarının ən strateji nöqtələrindəndir. Burada ABŞ-la yanaşı, Çin, Rusiya, Avropa Birliyi və digər dövlətlərin, həmçinin ittifaqların həyati maraqları toqquşur. Məncə, atəşkəslə bağlı görüntü xarakterli görüşlər daha çox vaxt qazanmağa və beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə hesablanıb.
Problemi daha da mürəkkəbləşdirən əsas amillərdən biri odur ki, münaqişə tərəfi olan dövlətlərin daxilində siyasi ziddiyyətlər kifayət qədər kəskin və risklidir. Xüsusilə İranda hakimiyyət daxilində hansı qüvvələrin nə istədiyini və necə davranacağını müəyyənləşdirmək çətindir. ABŞ və İsraildə də müəyyən mənada oxşar qeyri-müəyyənlik müşahidə olunur”.
Onun sözlərinə görə, digər mühüm məsələlərdən biri də Livanda “Hizbullah”la bağlı vəziyyətdir:
“Bilindiyi kimi, yaxın günlərdə İsrail-Livan münasibətlərində sülh əldə olunacağı ilə bağlı iddialar səsləndirilir. “Hizbullah”ı danışıqlar masasından kənarda saxlamaq və təşkilatın silahsızlaşdırılmasını əsas şərt kimi irəli sürmək əsasında imzalanacaq mümkün saziş Livanda yenidən vətəndaş müharibəsinin başlanmasına səbəb ola bilər. Livan bu cür faciələri zaman-zaman yaşayıb.
Bir sözlə, Fələstində “HƏMAS”ın, Livanda “Hizbullah”ın, İraqda “Haşdi-Şabi”nin və Yəməndə “Husilər”in gələcək fəaliyyətinə aydınlıq gətirilmədən, eyni zamanda bölgə dövlətlərinin maraq və mənafeləri nəzərə alınmadan Yaxın Şərqdə davamlı sülhün əldə olunması mümkünsüz görünür. Müəyyən fasilədən sonra qarşıdurmanın daha sərt şəkildə yenidən alovlanması isə təəssüf ki, daha real ehtimal təsiri bağışlayır”.
//Gülnarə Abasova, Editor.az

