ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Mayamidə keçiriləcək G20 Liderlər Zirvəsində iştirakının çox faydalı olacağını bildirib.
Editor.az xəbər verir ki, Tramp Putinin rəsmi şəkildə dəvət olunub-olunmadığını bilmədiyini qeyd edib. Daha əvvəl The Washington Post qəzeti Trampın Putini sammitə dəvət etməyi planlaşdırdığını iddia etmişdi.
Ağ Evdə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandıran Tramp deyib:
“Əgər Putin gəlsəydi, bu, yəqin ki, çox faydalı olardı”.
Bununla yanaşı, Tramp Rusiya prezidentinin G20 zirvəsinə dəvət olunub-olunmadığı barədə məlumatının olmadığını bildirib. O, həmçinin Putinin qarşıdan gələn sammitdə şəxsən iştirak edəcəyinə şübhə ilə yanaşdığını da vurğulayıb.
The Washington Post qəzeti cümə axşamı Ağ Ev rəsmilərinə istinadən yazıb ki, Tramp Putini dekabr ayında ABŞ prezidentinin Mayamidə yerləşən Doral qolf kompleksində keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırır.
Digər tərəfdən, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin Sputnik agentliyinə açıqlamasında bildirib ki, gələn ilin dekabrında ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 Zirvəsinə Rusiya da dəvət olunub.
Qeyd edək ki, G20 Liderlər Zirvəsi 2026-cı ilin dekabrında ABŞ-ın Mayami şəhərində baş tutacaq.
//Gülnarə Abasova, Editor.az

