Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
Əmr Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi daşıyır.
Qeyd edək ki, nazirin verdiyi Əmrə əsasən, Bakıda məktəblərdə də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz tətilinin vaxtı dəyişdirilib.
Əmrə əsasən, forumun keçirildiyi dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
Azpolitika

