Litva Parlamenti strateji əhəmiyyətli Suvalki boşluğunda yeni hərbi təlim poliqonunun tikintisinə icazə verib.
Litva Müdafiə Nazirliyi bunu açıqlayıb. Nazirlik parlamentin qərarının hərbi təlim infrastrukturunun gücləndirilməsinə yönəldiyini vurğulayıb. Əsas məqsəd Litva ordusunun döyüş hazırlığını artırmaq və Şimali Atlantika Alyansının şərq cinahını gücləndirməkdir.
Litva hərbi rəsmiləri bu qərarın bölgədəki dəyişən təhlükəsizlik vəziyyəti ilə əlaqəli olduğunu izah ediblər. Onların sözlərinə görə, yeni, genişləndirilmiş infrastrukturun təmin edəcəyi yüksək keyfiyyətli hərbi təlimə artan ehtiyac var. Lakin obyektin tikintisi ilə bağlı əvvəllər də etirazlar olub.
Xatırladaq ki, Suvalki boşluğu Litva və Polşa sərhədində uzunluğu 100 kilometrdən az olan dar bir torpaq zolağıdır. Belarus və Rusiya Federasiyasının Kalininqrad vilayəti arasında yerləşir və Baltikyanı ölkələri Avropa İttifaqının əsas ərazisi ilə birləşdirən yeganə quru yoludur.
//Samir Qurbanov, Editor.az

