Amerikalı milyonçu Afrikada ov zamanı fillərin tapdağı altında qalaraq həyatını itirib.
Editor.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, 75 yaşlı amerikalı iş adamı və ovçu Erni Dosio peşəkar ovçu ilə birlikdə sıx tropik meşədə olarkən gözlənilmədən beş dişi meşə fili və bir bala ilə qarşılaşıb. Özlərini təhlükə altında hiss edən heyvanlar onlara hücum edib.
Hücum zamanı peşəkar ovçu ağır xəsarət alıb və silahını itirib. Ov tüfəngi ilə silahlanmış Dosio isə özünü müdafiə edə bilməyib və fillərin tapdağı altında qalaraq ölüb.
Afrika filləri dünyanın ən böyük quru heyvanları hesab olunur. Dişi fillərin hündürlüyü təxminən dörd metrə çata bilir və saatda 40 kilometr sürətlə hərəkət edə bilirlər. Bu isə onları təhlükə hiss etdikdə son dərəcə aqressiv və təhlükəli edir.
Hazırda Qabondakı ABŞ səfirliyi hadisə ilə məşğuldur və Dosionun nəşinin doğulduğu Kaliforniyaya göndərilməsi üçün tədbirlər görür.
Mütəxəssislərin sözlərinə görə, fil hücumları nadir hallarda baş versə də, xüsusilə sürüdə bala olduqda və sıx bitki örtüyündə qəfil qarşılaşma zamanı bu cür hadisələrin riski artır.
//Gülnarə Abasova, Editor.az

