İran Hörmüz boğazından keçən gəmilər üçün yığılan rüsumlardan ilk gəlirlərini aldığını açıqlayıb.
«Fars” Xəbər Agentliyi bu məlumatı Parlament sədrinin müavini Həmidrza Hacı Babaiyə istinadən yayıb. Rəsmi məlumatlara görə, bütün gəlirlər artıq İran Mərkəzi Bankının hesablarına köçürülüb. “Hörmüz boğazından rüsumlardan əldə edilən ilk gəlir Mərkəzi Bankın hesabına köçürülüb.” – Hacı Babai deyib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Sülh yolu ilə həll cəhdləri 11 apreldə İslamabadda nəticəsiz qalıb. Bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarını blokadaya almağa başlayıb. ABŞ-ın hərəkətlərinə cavab olaraq, İİKK komandanlığı ABŞ məhdudiyyətləri tamamilə aradan qaldırılana qədər Hörmüz boğazının bağlanacağını elan edib. İran rəsmiləri gəmiçilik şirkətlərini yalnız Tehranın təlimatlarına əməl etməyə çağırıblar.
//Samir Qurbanov, Editor.az

