Rusiya prezidenti Vladimir Putin ötən gün İqor Çaykanı “Rossotrudniçestvo”nun rəhbəri təyin etdi və Yevgeni Primakovu vəzifədən uzaqlaşdırdı.
Y. Primakovun adı Azərbaycan mediasında ötən il Bakıda bağlanan “Rus evi”ndən sonra daha çox hallanırdı. Bəllidir ki, 2025-ci il fevralın 3-də Bakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Moskvaya nota göndərdi. Azərbaycan XİN mərkəzin hüquqi şəxs kimi qeydiyyata alınmadığını və ölkənin “qanunvericiliyini ciddi şəkildə pozduğunu” bəyan edib. Primakov isə özünün “Telegram” kanalında “işgüzar nüfuzunu qorumaq üçün” Azərbaycanda bəzi jurnalist və media qurumlarını məhkəməyə verməklə hədələmişdi.

“Rossotrudniçestvo” formal olaraq humanitar və mədəni əlaqələri inkişaf etdirən qurum kimi təqdim olunsa da, reallıqda o, Rusiyanın xaricdə “yumşaq güc” siyasətinin əsas alətlərindən biri sayılır. Bu baxımdan quruma rəhbər təyin olunan şəxsin kimliyi və reputasiyası xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Çaykanın bu posta gətirilməsi bəzi suallar doğurur. Rusiya mediası yazır ki, İqor Çayka üçün daha iddialı planlar mövcud idi. Onun Prezident Administrasiyasında yeni yaradılmış strateji layihələr blokunda yüksək vəzifəyə gətirilməsi nəzərdə tutulurdu. Lakin bu ssenari baş tutmadı. Hakimiyyət daxilində müəyyən qrupların bu təyinata qarşı çıxması və nəticədə kompromis variantın seçilməsi ehtimalı ön plana çıxır. Çaykanın ətrafında dolaşan iddialar isə təyinatın fonunu daha da mürəkkəbləşdirir. Xüsusilə “FSB” ilə bağlı müstəvidə səslənən məlumatlar diqqət çəkir. Bildirilir ki, FSB-nin 5-ci Xidməti Moldovada aparılan siyasi proseslərlə bağlı maliyyə pozuntularını araşdırıb və bu araşdırmalar müəyyən yüksək vəzifəli şəxsləri hədəfə alıb. İddialara görə, həmin proseslərdə Çaykanın adı da hallanıb.
Eyni zamanda onun “kölgə donanması” adlandırılan və sanksiyalardan yan keçməklə Rusiya neftinin daşınmasında istifadə olunduğu deyilən şəbəkə ilə əlaqələri barədə iddialar da gündəmdədir. Bütün bu məqamlar fonunda Çaykanın yeni vəzifəyə gətirilməsi bəziləri tərəfindən “geri çəkilmə”, digərləri tərəfindən isə “yenidən yerləşdirmə” kimi qiymətləndirilir.
Yevgeni Primakov isə artıq dövlət qulluğunda xidmət etmək istəmədiyini açıqlayıb. O deyib ki, Dövlət Dumasına namizədliyini irəli sürmək planı da yoxdur. Primakov jurnalistikaya qayıtmaq istədiyini və hazırda akademik işlə maraqlandığını söylədi.
“Dövlət qulluğundan ayrılmağımız sevgi və qarşılıqlı hörmətdən irəli gəlir. Şübhəsiz ki, mən Rusiyanın vətənpərvəri olaraq qalıram və özümü Ali Baş Komandanımızın komandasının üzvü hesab edirəm ” deyə o, “Telegram”da yazıb.
Musavat.com

