Münasibətləri nə xilas edir: sevgi, yoxsa ünsiyyət və hörmət?backend

Münasibətləri nə xilas edir: sevgi, yoxsa ünsiyyət və hörmət?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münasibətlərin davamlılığı və emosional sağlamlığı psixologiyada ən çox araşdırılan mövzulardan biridir. Bu kontekstdə “sevgi daha vacibdir, yoxsa hörmət?” sualı tək bir doğru cavabla məhdudlaşmır. Çünki sağlam münasibət yalnız emosional bağlılıqla deyil, eyni zamanda qarşılıqlı anlaşma, hörmət və effektiv ünsiyyətlə formalaşır. Bu elementlərdən hər hansı birinin zəifləməsi münasibətin keyfiyyətinə birbaşa təsir göstərir.

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova Editor.az-a açıqlamasında bildirib ki, psixoloji baxımdan sağlam və uzunömürlü münasibətlərdə əsas dayağı yalnız bir və ya iki xarakterik xüsusiyyətə bağlamaq doğru olmaz:

“Ümumi desək, bəli, sevgi münasibəti başladır, hörmət isə onu yaşadır. Həmçinin, uzunmüddətli münasibətləri sevgidən və hörmətdən savayı ünsiyyət xilas edir. Ailələrin çoxu çox zaman məhz ünsiyyətsizlikdən əziyyət çəkir, öz problemini rahat şəkildə qarşı tərəfə deyə bilmir, çəkinir. Amma “evdə məni dinləyən biri var” düşüncəsi insanın istənilən problemlərə daha pozitiv yanaşmasına kömək edir. Burada əsas amil hər kəsin öz yarını, xarakter baxımından uyğun tərəfini tapmasıdır. Sevgi anlayışı hər kəs üçün fərqli məzmun kəsb edir. Kimisi onu qısqanclıqla əlaqələndirir, kimisi isə həddindən artıq güvənlə. Heç kimə əsl sevginin necə olduğunu qəti şəkildə demək mümkün deyil, hər kəs öz təbiətinə uyğun sevir. Lakin sevgisizliyin nə olduğunu müəyyən etmək mümkündür. Sevgisizlik — səni alçaldırlarsa, səni yox sayırlarsa, daim ikinci plandasan, sənin heç nəyin, geyimin, görünüşün və danışığın maraqlandırılmır, bəyənilmir və xəyanət varsa, burada sevgidən söhbət gedə bilməz. Sevən şəxs nəinki başqasına toxunmaz, hətta gözləri ilə belə aldatmaz”.

“Hörmət isə sevsən də, nifrət etsən də, hər kəsin bir-birinə göstərməli olduğu davranışdır və bu, insanın tərbiyəsindən qaynaqlanır. Bəli, sevgidə də, dostluqda da, qohumlar arasında da hörmət olmalıdır. Hamı bir-birinin fikrinə və düşüncəsinə hörmətlə yanaşmalıdır. Bu, sevgi deyil, tərbiyədir və sağlam psixikaya sahib insanların cəmiyyətdəki normal davranışıdır”,- deyə psixoloq qeyd edib.

//Gülnarə Abasova, Editor.az