İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalarbackend

İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-İsrail hərbi əməliyyatından əvvəl malik olduğu raket potensialının təxminən yarısını istifadə edib.

Bu məlumatı ABŞ dövlət katibi Marko Rubio “Fox News”a verdiyi müsahibədə açıqlayıb.

“İndi raketlərin yarısı qalıb”, – o qeyd edib.

ABŞ dövlət katibi həmçinin bildirib ki, İranın qalan ehtiyatlarını artırmaq potensialı yoxdur. O, bunu İsrail-ABŞ zərbələri nəticəsində istehsal obyektlərinin məhv edilməsi ilə əsaslandırıb.

Əslində vəziyyət Rubionun dediyi kimidir, yoxsa informasiya müharibəsinin tələb etdiyi açıqlamadır? İranın raket istehsal edən obyektləri tam dağıdılıb? Yerin altında fəaliyyət göstərən raket istehsal edən hərbi obyektlərin olduğu iddiaları doğrudurmu?

rovsen.jpg (38 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Marko Rubionun səsləndirdiyi fikirlər daha çox informasiya müharibəsi və psixoloji təzyiq elementi hesab olunmalıdır:

“Bu tip açıqlamalar adətən həm ictimai rəy formalaşdırmaq, həm də qarşı tərəfə psixoloji təzyiq göstərmək məqsədi daşıyır. İranın raket ehtiyatlarının yarısının istifadə edilməsi iddiasını təsdiq edəcək rəsmi təsdiqlənmiş, obyektiv məlumat demək olar ki, yoxdur. İranın raket arsenalı çoxşaxəlidir. Qısa və orta mənzilli ballistik raketlər, qanadlı raketlər, müxtəlif tipli PUA-larla inteqrasiya edilmiş sistemlər arsenala daxildir. Bu silahlar eyni məkanda, eyni zavodda istehsal edilmir. İran uzun illərdir “səpələnmiş və gizlədilmiş arsenal strategiyası” tətbiq edir. Bu isə o deməkdir ki, raketlər mərkəzləşmiş şəkildə hazırlanmır və saxlanılmır, müxtəlif bazalara və yeraltı tunellərə bölünür. Ona görə də real ehtiyatın həcmini kənardan dəqiq qiymətləndirmək çətindir. Odur ki, İranın raket ehtiyatlarının yarısının qaldığı kimi iddialar daha çox ehtimal xarakterlidir, konkret sübutlanmış rəqəm deyil”.

Ekspert qeyd edib ki, İranın silah istehsal edən obyektlərinin tam məhv edilməsi iddiaları da reallığı əks etdirə bilməz:

“SEPAH nəzdində fəaliyyət göstərən hərbi-sənaye kompleksləri uzun illərdir sanksiyalar şəraitində işləyir. Buna görə də xüsusi müdafiə sistemləri, təkrarlanan istehsal zəncirləri şəbəkəsi qurulub. Hava zərbələri ilə bəzi zavodları sıradan çıxarmaq mümkündür. Amma bütün istehsal infrastrukturunu tam məhv etmək praktik olaraq çox çətindir. Çünki eyni komponentlər müxtəlif şəhərlərdə istehsal oluna bilər, bəzi hissələr mülki sənaye obyektlərində gizli şəkildə hazırlanır, texnologiya artıq lokallaşdırılıb, xarici asılılıq əvvəlki qədər yüksək deyil. İranın yeraltı raket bazaları və zavodlarının da olduğu iddiaları var və inandırıcı iddialardır. Dağlıq ərazilərdə tunel sistemləri, sərt bunkerlərdə yerləşən anbar və montaj sahələri ilə bağlı həm peyk görüntüləri, həm də rəsmi videolar mövcuddur. Bu infrastrukturların məqsədi hava zərbələrindən qorunmaq, raketlərin gizli daşınmasını təmin etmək, zərbə qabiliyyətini zərbə altında belə saxlamaqdır. İranın raket proqramı zərbə alsa da, davamlılığını qeyd etdiyim amillərə görə qoruya bilən sistemdir”.