ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Amerika mediasına verdiyi müsahibədə ABŞ-ın hazırladığı Qəzza planı ilə bağlı açıqlamalar verib. O, eyni zamanda İranla aparılan danışıqlarda əsas problemin ölkə daxilindəki güc mübarizəsi olduğunu iddia edib və nüvə proqramının danışıqların mərkəzi mövzularından biri olduğunu bildirib.
Editor.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio “Fox News” kanalına verdiyi müsahibədə İranla aparılan danışıqlara dair dəyərləndirmələr edib.
İranın ABŞ-a təqdim etdiyi təkliflərə toxunan Rubio bəzi təkliflərin gözləntiləri aşdığını, lakin onların səlahiyyətli şəxslər tərəfindən təqdim olunub-olunmadığının və məzmununun nə dərəcədə dəqiq olduğu məsələsinin hələ də aydın olmadığını qeyd edib.
Hörmüz boğazı ilə bağlı müzakirələrə də münasibət bildirən Rubio beynəlxalq su yollarının heç bir dövlətin nəzarətinə verilməsinin qəbulolunmaz olduğunu vurğulayıb:
“Bura Süveyş kanalı deyil, Panama kanalı deyil; bunlar beynəlxalq sulardır. Əgər bu yanaşma normallaşarsa, bu, təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün presedent yaradar. Dünyanın müxtəlif ölkələri belə qərar verə bilər: ‘Bu beynəlxalq su yolu bizim sahillərimizə yaxındır, onu nəzarətə götürürük və keçid rüsumu sistemi tətbiq edirik”.
Rubio əlavə edib ki, İranın boğazın açılması ilə bağlı təklifi əgər keçidlərin icazə və rüsum sisteminə bağlanmasını nəzərdə tutursa, bu, həqiqi mənada açılım hesab edilə bilməz.
Dövlət katibi həmçinin vurğulayıb ki, mümkün razılaşma İranın nüvə silahı əldə etmə ehtimalını tamamilə aradan qaldıracaq xarakter daşımalıdır.
//Gülnarə Abasova, Editor.az

