“Cütlüklər arasında evdaxili münaqişələrin tamamilə qarşısını almaq mümkün deyil. Lakin onların sayını azaltmağın iki əsas yolu var. Birincisi, gündəlik həyatın norma və qaydalarını münasibətin əvvəlindən müzakirə etməkdir. İkincisi isə birgə həyat rutinləşdikdə görüşlərə və birlikdə keçirilən asudə vaxta üstünlük verməkdir”.
Editor.az xəbər verir ki, bu fikirləri psixoloq Vera Nikişina səsləndirib.
Onun sözlərinə görə, insanlar münasibət qurmağa və onu inkişaf etdirməyə yeni başlayanda əsasən emosional və hissi tərəfə diqqət yetirirlər. Bu mərhələdə vərdişlər, davranışlar və gündəlik qaydalar kimi detallar romantik hisslərin kölgəsində qalaraq arxa plana keçir. Halbuki, məhz bu xırda məqamlar qısa müddət sonra ortaq həyatın əsasını təşkil edir və münasibətləri sarsıda biləcək gündəlik münaqişələrin səbəbinə çevrilir.
“Əlbəttə, emosional mühit tamamilə yox olmur, lakin ciddi şəkildə dəyişir. Həyat təcrübələrinin, vərdişlərin və baxışların oxşar və ya fərqli olması məsələsi qaçılmaz şəkildə ön plana çıxır. Əgər bu istiqamətlərdə uyğunluq yoxdursa, gizli və ya açıq münaqişələrin yaranma ehtimalı yüksək olur. Buna görə də münasibətin əvvəlində dəyərlər, vərdişlər, baxışlar, həyat tərzi, norma və qaydalar kimi əsas sahələrdə uyğunluq səviyyəsini müzakirə etmək tövsiyə olunur. Hər mümkün uyğunsuzluğun əhəmiyyət dərəcəsini tək və ya birlikdə müəyyənləşdirmək vacibdir”, – deyə psixoloq bildirib.
Mütəxəssis qeyd edib ki, məsələn, tərəflərdən biri evdə səliqə və təmizliyə önəm verirsə, digəri isə nizamsızlığa alışıbsa, birgə yaşam zamanı münaqişələrin yaranması demək olar ki, qaçılmazdır:
“Əgər tərəflər əvvəlcədən ortaq razılaşmalar əldə edib onlara əməl etməsələr, belə münasibətin nəticəsi nikbin görünmür. Bundan başqa, münasibətdə emosional ab-hava dəyişəndə, hisslərin intensivliyi azaldıqda və gündəlik həyat adiləşdikdə insanlar şüuraltı şəkildə həmin ‘qığılcımı’ yenidən qaytarmağa çalışırlar. Bəzən bunu süni şəkildə yaradılmış münaqişələrlə kompensasiya etməyə cəhd edirlər. Çirkli qablar, səpələnmiş corablar və ya ən adi xırdalıq belə mübahisəyə səbəb ola bilər. Buna görə də münaqişənin əsl səbəbini vaxtında anlamaq vacibdir. Bu, münasibətdə romantikanın azalması ilə bağlı ola bilər”.
Nikişinanın fikrincə, istənilən münaqişədə əsas məsələ anlaşılmazlığın kök səbəbini düzgün müəyyənləşdirməkdir:
“Bunun üçün üç suala cavab tapmaq lazımdır: Münaqişə münasibətdə emosional yaxınlığın azalmasından qaynaqlanır? Yoxsa münaqişənin özü hisslərin intensivliyini yaşamağın yeganə yoluna çevrilib? Və ya problemin əsasında birgə həyatla bağlı təsəvvürlərin uyğun gəlməməsi dayanır ki, bu da fərqli vərdişlər, baxışlar və stereotiplərlə özünü göstərərək münasibətin qarşılıqlı anlayış və hörmət üzərində qurulmasına mane olur?”.
//Gülnarə Abasova, Editor.az

