Çinli alimlər fruktooliqosaxaridlər və çaytikanının birgə istifadəsinin qan şəkəri səviyyəsini aşağı sala və lipid mübadiləsini yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Food & Function (F&F) jurnalında dərc olunub.
Tədqiqat orqanizmin insulin hormonundan effektiv istifadə edə bilmədiyi tip 2 diabetli siçovullar üzərində aparılıb. Bu vəziyyət qanda şəkərin yüksəlməsinə, zamanla isə orqan və toxumalarda zədələnmələrə səbəb olur.
Təcrübə zamanı əlavəni qəbul edən heyvanlarda aclıq qan şəkəri göstəricilərinin azaldığı müşahidə edilib. Həmçinin ürək-damar xəstəlikləri riskini artıran trigliseridlərin və pis xolesterinin səviyyəsində də azalma qeydə alınıb.
Alimlərin sözlərinə görə, fruktooliqosaxaridlər prebiyotik maddələrdir. Yəni mədədə həzm olunmur, lakin faydalı bağırsaq bakteriyaları üçün qida mənbəyi rolunu oynayır. Çaytikanı isə vitaminlər, antioksidantlar və yağ turşuları ilə zəngindir.
Tədqiqatçılar bildiriblər ki, bu təsir bir neçə mexanizmlə bağlıdır. İlk növbədə, bağırsaq mikrobiotasının tərkibi dəyişib. Normal maddələr mübadiləsi ilə əlaqəli Bifidobacterium və Akkermansia kimi faydalı bakteriyaların sayı artıb, iltihabı gücləndirən bakteriyaların miqdarı isə azalıb.
Bundan əlavə, əlavənin öd turşusu mübadiləsini normallaşdırdığı da müəyyənləşib. Öd turşusu yalnız yağların həzmində deyil, həm də qan şəkəri və lipid səviyyələrinin tənzimlənməsində mühüm rol oynayır. Heyvanlarda metabolik pozğunluqlarla müşayiət olunan iltihab əlamətlərinin də zəiflədiyi müşahidə olunub.
Müəlliflər vurğulayıblar ki, bu hələlik heyvanlar üzərində aparılmış araşdırmadır. Lakin əldə edilən nəticələr prebiyotiklərin və bitki mənşəli komponentlərin birləşdirilməsinin diabetin qarşısının alınması və əlavə müalicəsində perspektivli yanaşma ola biləcəyini göstərir.
//Gülnarə Abasova, Editor.az

