Azərbaycanda bank kreditlərinin verilməsi və borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Dəyişikliklər həm nisyə mal satışı ilə məşğul olan sahibkarlara, həm də kredit götürən vətəndaşlara zamin duran şəxslərə təsir edəcək.
Editor.az-ın məlumatına görə, yeni tələblər noyabrın 10-dan tətbiq olunacaq.
Dəyişikliklərə əsasən, nisyə mal satışı həyata keçirən şirkətlər və fərdi sahibkarlar kredit üçün banka müraciət edərkən nisyə satış portfellərinin ümumi həcmi və müştərilərinin sayı barədə məlumat verməli olacaqlar.
Banklar təqdim edilən göstəriciləri kredit bürolarına ötürülən məlumatlarla tutuşduracaqlar. Müqayisə zamanı göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, həmin kredit qeyri-qənaətbəxş aktiv kimi qiymətləndiriləcək.
Zamin duranların borc yükü ilə bağlı yeni məhdudiyyət
Yeni qaydalarda istehlak kreditləri üzrə zaminlərə dair də mühüm tələb nəzərdə tutulub.
Belə ki, kreditə təminat kimi zaminlik təqdim edildikdə, zaminin borcunun gəlirinə nisbəti 70 faizdən artıq olmamalıdır.
Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun mövcud borcları üzrə aylıq ödənişlərinin ümumi məbləği 700 manatı keçməməlidir.
Bu tələb yeni müddəanın qüvvəyə mindiyi tarixdən sonra yaranan kredit öhdəliklərinə şamil ediləcək.
Banklar gəliri istədikləri kimi hesablaya bilməyəcək
Dəyişikliklərdən biri də bankların borcalanların gəlirlərini müəyyənləşdirmə qaydasına aiddir.
Yeni tələbə görə, şəxsin gəlirini rəsmi sənədlər və ya dövlət informasiya sistemlərindəki məlumatlar əsasında müəyyənləşdirmək mümkündürsə, bank həmin gəliri davranış modeli vasitəsilə proqnozlaşdıra bilməyəcək.
Məsələn, vətəndaşın əməkhaqqı barədə arayışı varsa və ya qazancı dövlət informasiya sistemlərindən əldə edilən məlumatlarla təsdiqlənirsə, bank kredit hesablaması zamanı modelin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməyəcək.
Bundan başqa, kredit risklərinin hesablanması zamanı model əsasında verilmiş və son 12 ay ərzində balansdan silinmiş kreditlər də nəzərə alınacaq.
Yeni qaydalar bankların kredit risklərini daha dəqiq qiymətləndirməsinə və borcalanların maliyyə vəziyyətinin nəzərə alınmasına yönəlib.

