Atəşkəs başa çatdı, kiberhücumlar başladı: Rusiya və Ukraynada həyəcanbackend

Atəşkəs başa çatdı, kiberhücumlar başladı: Rusiya və Ukraynada həyəcan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra iki ölkədə kiberhücumlarla bağlı qarşılıqlı ittihamlar səsləndirilib. Ukraynada hava hücumu xəbərdarlığı sisteminin, Rusiyada isə fövqəladə hallar barədə məlumatlandırma tətbiqinin kiberhücuma məruz qaldığı açıqlanıb.

Xarici KİV-lərin məlumatına görə, hadisələr tərəflər arasında Xerson vilayətinin müəyyən ərazilərini əhatə edən atəşkəsin başa çatdığı günlərdə qeydə alınıb.

Ukrayna tərəfi bazar günü hava hücumu barədə xəbərdarlıqların yayımlandığı sistemə müdaxilə edildiyindən şübhələndiyini bildirib. Buna səbəb mobil tətbiqdə həqiqəti əks etdirməyən radiasiya təhlükəsi barədə xəbərdarlığın paylaşılması olub.

Ukrayna Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama yayaraq, “Air Alarm” tətbiqinin ehtimal olunan düşmən müdaxiləsinə məruz qaldığını bildirib. Qurum əhali arasında narahatlığa səbəb olan məlumatın əksinə olaraq, hər hansı radiasiya təhlükəsinin olmadığını vurğulayıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü Yuriy İqnat da AFP-yə açıqlamasında tətbiqin kiberhücuma məruz qaldığını təsdiqləyib.

Bundan bir neçə saat sonra Rusiya Fövqəladə Hallar Nazirliyi də ölkədə istifadə olunan xəbərdarlıq sisteminə qarşı genişmiqyaslı kiberhücum həyata keçirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, hakerlər mümkün pilotsuz uçuş aparatı hücumları və digər təhlükələrlə bağlı əhaliyə xəbərdarlıq göndərmək üçün nəzərdə tutulan tətbiqə saxta məlumatlar yerləşdiriblər. Hazırda mütəxəssislər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində çalışırlar.

Moskva kiberhücumun arxasında kimin dayandığını açıqlamayıb. Ukraynanın Strateji Kommunikasiya Mərkəzi SPRAVDI isə öz hava hücumu xəbərdarlığı sisteminə qarşı həyata keçirilən müdaxiləyə görə Rusiyanı ittiham edib.

Atəşkəs başa çatdı

İki ölkə arasında Xerson vilayətinin müəyyən hissələrində qüvvədə olan müvəqqəti atəşkəs Rusiyanın müddətin uzadılması təklifini qəbul etməməsindən sonra başa çatıb.

ABŞ-ın birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə əldə olunan bu razılaşma nadir humanitar addımlardan biri kimi qiymətləndirilib. Çərşənbə axşamı səhər qüvvəyə minən atəşkəs müharibənin beşinci ilinə qədəm qoyduğu dövrə təsadüf edib.

Razılaşma nəticəsində Rusiyanın nəzarətində olan Oleşki şəhərinə humanitar yardım missiyasının həyata keçirilməsi mümkün olub.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets oktyabrın 27-dən noyabrın 1-dək qüvvədə olan atəşkəsin başa çatdığını açıqlayıb. O, bu razılaşmanı Rusiya ilə birgə humanitar səylər baxımından mühüm addım adlandırıb.

Zelenskidən Trampa şərt: Patriot raketləri verilsin

ABŞ-ın vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqlarının yenidən bərpası gözlənilir. Lakin ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra diplomatik təmaslar faktiki olaraq dayanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-la münasibətlər və Rusiyanın enerji infrastrukturuna hücumlar barədə diqqətçəkən açıqlama verib.

Zelenski bildirib ki, Vaşinqton Kiyevə müasir Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər təqdim edərsə, Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları dayandıra bilər.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Ukraynadan Rusiyanın enerji obyektlərinə qarşı hücumları dayandırmasını tələb etməsindən sonra səsləndirilib.

Zelenski bazar günü Fox News telekanalına müsahibəsində Trampa və onun komandasına mövqeyini çatdırdığını deyib:

“Rusiyanın neft emalı zavodlarına hücum etməyimizi istəmirsinizsə, onlar da bizim enerji sistemimizə zərbələr endirməməlidirlər”.

Ukrayna lideri alternativ variant kimi Kiyevə Patriot raketlərinin verilməsini göstərib.

Bu arada Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji infrastrukturuna hücumlarından sonra ölkənin müxtəlif bölgələrində, xüsusilə Kiyevdə yenidən elektrik enerjisinin verilişində fasilələrin yarandığını açıqlayıb.

Rusiyada və Ukraynada neft obyektləri hədəfə alındı

Atəşkəsin başa çatdığı gün Rusiya və Ukrayna qarşılıqlı hücumlar həyata keçirib.

Rusiya rəsmiləri Moskvanın şərqində yerləşən sənaye müəssisələrindən birinin gecə saatlarında pilotsuz uçuş aparatı ilə vurulduğunu bildiriblər.

Ukrayna mediası isə Kiyevin Rusiyanın Kstovo neft emalı zavoduna hücum etdiyini yazıb.

Ukrayna daha əvvəl də Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq bu ölkənin neft və qaz obyektlərini hədəfə alıb.

Tramp isə Kiyevə belə hücumları dayandırmaq üçün təzyiq göstərir. O, dizel yanacağının qiymətindəki artımla bağlı Ukraynanın Rusiya enerji obyektlərinə hücumlarını da səbəblərdən biri kimi göstərir.

\\ Aydan Bünyatova, Editor.az