Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutacaq görüş Moskva-Tehran münasibətlərinin gələcək istiqamətləri baxımından diqqət çəkir. Yaxın Şərqdə gərginliyin davam etdiyi, İranın Qərblə münasibətlərində ziddiyyətlərin dərinləşdiyi və regional təhlükəsizlik məsələlərinin aktuallığını qoruduğu bir vaxtda liderlərin görüşü bir sıra mühüm məsələlərin müzakirəsini gündəmə gətirə bilər. Eyni zamanda, tərəflərin iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığının perspektivləri, eləcə də regiondakı proseslərə yanaşmalarının nə dərəcədə üst-üstə düşdüyü də görüşün əsas istiqamətlərindən ola bilər.
Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında gözlənilən görüşün əsas müzakirə mövzularından birinin Yaxın Şərqdəki hərbi-siyasi vəziyyət olacağı ehtimal edilir:
“Xüsusilə İranın ABŞ və İsraillə qarşıdurması, regionda təhlükəsizlik problemləri, Hörmüz boğazı ətrafında yaranmış gərginlik və enerji bazarındakı qeyri-sabitlik gündəmə gələ bilər. Moskva üçün İranla münasibətlər yalnız ikitərəfli əməkdaşlıq məsələsi deyil, həm də Yaxın Şərqdə öz geosiyasi mövqelərini qorumaq vasitəsidir. Bununla belə, Rusiya İranla strateji tərəfdaşlığını davam etdirsə də, Tehran uğrunda Qərblə birbaşa hərbi qarşıdurmaya getməkdə maraqlı görünmür. Bu baxımdan Putin görüş zamanı diplomatik həll yollarını ön plana çıxarmağa, eyni zamanda İranın mövcud vəziyyətdən çıxış imkanlarını qiymətləndirməyə çalışa bilər. İran isə Rusiyadan beynəlxalq siyasi müstəvidə daha fəal dəstək və iqtisadi təzyiqlərin azaldılması istiqamətində konkret əməkdaşlıq gözləyə bilər”.
Politoloqun sözlərinə görə, görüşün digər mühüm istiqaməti Rusiya və İran arasında iqtisadi, nəqliyyat və hərbi-texniki əməkdaşlığın gələcəyi ola bilər:
“Xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji layihələri, qarşılıqlı ticarət və Qərb sanksiyalarının yaratdığı məhdudiyyətlərin aradan qaldırılması imkanları müzakirə edilə bilər. Bununla yanaşı, Ukrayna müharibəsi fonunda Moskvanın Tehranla hərbi-texniki əlaqələri də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır. Lakin burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər iki ölkənin Qərblə ciddi ziddiyyətləri olsa da, onların regional maraqları bütün istiqamətlərdə üst-üstə düşmür. Rusiya həm İranla əməkdaşlığı qorumağa, həm də Körfəz ölkələri və İsraillə münasibətlərində manevr imkanlarını itirməməyə çalışır. Hesab edirəm ki, bu görüşdən böyük siyasi dönüş gözləmək düzgün olmaz. Daha çox mövcud əməkdaşlığın davam etdirilməsi, regional proseslər üzrə mövqelərin uzlaşdırılması və qarşılıqlı gözləntilərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli diplomatik təmas kimi qiymətləndirilməlidir”.
//Gülnarə Abasova, Editor.az

