Yanğını işıqlandırmağa getdi, özü hücuma məruz qaldı – Jurnalistlərin təhlükəsizliyi kimə əmanətdir?backend

Yanğını işıqlandırmağa getdi, özü hücuma məruz qaldı – Jurnalistlərin təhlükəsizliyi kimə əmanətdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yanğın hadisəsini işıqlandıran APA TV müxbirinə hücum edilməsi jurnalistlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı cinayət işi başlanması media nümayəndələrinin öz peşə fəaliyyətlərini maneəsiz həyata keçirməsinin vacibliyini bir daha göstərir. Jurnalistlər cəmiyyətə doğru və operativ məlumat çatdırmaq üçün bəzən təhlükəli şəraitdə işləməli olurlar. Onların çəkiliş zamanı təzyiqə və zorakılığa məruz qalması həm söz azadlığı, həm də ictimaiyyətin məlumat almaq hüququ baxımından narahatlıq doğurur. Bu baxımdan, hadisə yerində çalışan jurnalistlərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.

Maraqlıdır, jurnalistlərin hadisə yerində təhlükəsizliyini təmin etmək və onların peşə fəaliyyətinə maneələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mətbuat Şurasının İdarə heyətinin üzvü, “Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Editor.az-a açıqlamasında bildirib ki, jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə hadisə yerlərində media nümayəndələrinin sərbəst fəaliyyətinə şərait yaradılmalıdır:

““Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.

Jurnalistə qarşı fiziki zorakılıq, təhdid və peşə fəaliyyətinə maneə halları ciddi araşdırılmalı, təqsirli şəxslər qanun qarşısında cavab verməlidirlər.

Eyni zamanda, hadisə yerlərində aidiyyəti qurumlarla media nümayəndələri arasında koordinasiya gücləndirilməli, jurnalistlərin təhlükəsiz işləməsi üçün zəruri şərait yaradılmalıdır.

Xüsusilə vurğulamaq istəyirəm ki, jurnalist hadisə yerinə şəxsi marağı üçün deyil, cəmiyyətin məlumat almaq hüququnu təmin etmək üçün gedir. Onun işi təhlükə ilə üzləşmək deyil, baş verənləri işıqlandırmaqdır. Jurnalistə hücum etmək isə əslində cəmiyyətin informasiya almaq hüququna hücumdur.

Düşünürəm ki, jurnalistin döyülməsi, təhqir olunması və peşə fəaliyyətinə maneçilik törədilməsi təkcə jurnalistlər yox, bütövlükdə cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilməlidir. Son günlər ard-arda baş verən bu cür zorakılıqlar adi hala çevrilsə, bu cəmiyyət üçün çox təhlükəli tendensiyaya çevrilə bilər”.

//Gülnarə Abasova, Editor.az