Aydın Quliyevdən məktəblərlə bağlı xəbərdarlıq: “Kənar ideoloji müdaxilələrin qarşısı alınmalıdır”backend

Aydın Quliyevdən məktəblərlə bağlı xəbərdarlıq: “Kənar ideoloji müdaxilələrin qarşısı alınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ölkədə məktəblərdə baş verən neqativ hallar, hücumlar, dağıdılmalar və radikal dini şüarların səsləndirilməsi cəmiyyətdə ciddi narahatlıq doğurmaqdadır. Təhsil müəssisələrində təhlükəsizlik sisteminin zəifliyi və gənclər arasında radikal meyillərin artması dövlət qurumları qarşısında ciddi suallar yaradır. Şagirdlərin radikal dini təsirlərə düşməsi və məktəb daxilində zorakılıq hallarının çoxalması maarifləndirmə işlərinin və profilaktik tədbirlərin yetərli olmadığını göstərir. Valideynlər övladlarının həyatından və mənəvi mühitindən narahatdır, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar isə daha sərt addımlar atmağa məcbur qalırlar.

 

Maraqlıdır, məktəblərdə bu cür neqativ halların və radikal təsirlərin kökünü kəsmək üçün ilk növbədə hansı təxirəsalınmaz dövlət nəzarəti mexanizmləri tətbiq olunmalıdır?

 

Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, məktəblərdə müəyyən edilmiş qaydaların pozulması, təhsilin dünyəvi prinsiplərdən uzaqlaşdırılması və sağlam təhsil mühitinə xələl gətirən addımlar ciddi narahatlıq doğurur.

“Bütün bunlar Azərbaycan təhsilini normal inkişaf yolundan döndərmək məqsədi güdən addımlardır. Xüsusilə son vaxtlar çadra ilə bağlı gündəmə gələn və bəzi hallarda təşkilatlanmış xarakter daşıdığı təəssüratı yaradan aksiyalar mümkün risklərlə bağlı narahatlığı artırır.

Azərbaycan dünyəvi dövlətdir. Təhsilin dünyəviliyinin qorunması dövlət qurumları ilə ictimaiyyətin birgə fəaliyyətini tələb edir. Bəzi hallarda ictimaiyyət nümayəndələrinin çadra ilə bağlı arzuolunmaz addımları müşahidə olunsa da, cəmiyyət anlamalıdır ki, ölkənin gələcəyi dünyəvi təhsil sisteminin inkişafı ilə sıx bağlıdır. Buna görə də bu sistemin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər ictimaiyyət tərəfindən dəstəklənməlidir.

Sağlam təhsil sisteminin formalaşdırılması və kənar ideoloji müdaxilələrdən qorunması, ilk növbədə, dövlətin ardıcıl siyasətindən və həmin siyasətə ictimai dəstəkdən asılıdır. Eyni zamanda, müvafiq dövlət qurumları təhsil sisteminə kənar siyasi, təxribatçı və ideoloji mərkəzlərdən müdaxilə cəhdlərinin qarşısını almaq üçün zəruri tədbirlər görməlidirlər”.

Aydın Quliyev Azərbaycanın dünyəvi və sivil inkişaf yolunu seçmiş dövlət olduğunu vurğulayaraq məsələnin mahiyyətinə diqqət çəkib.

“Digər sahələrdə olduğu kimi, məktəblərdə də təsdiqlənmiş vahid geyim qaydaları mövcuddur. Normativ sənədlərdə hicabın və vahid məktəb geyiminə aid olmayan digər geyimlərin qadağan edilməsi ilə bağlı ayrıca müddəa yoxdur. Çadranın məişətdə, şəxsi həyatda və ictimai yerlərdə qadağan olunmasını nəzərdə tutan normativ tələb də mövcud deyil. Lakin orta məktəblərdə vahid geyim forması müəyyən edilibsə və bütün şagirdlər üçün məcburi norma kimi tətbiq olunursa, həmin qaydanın icrasında əsassız istisnalara yol verilməməlidir. Çünki bu cür istisnalar təhsil prosesinin normal gedişinə mənfi təsir göstərə və dövlət qərarlarının icrasına münasibətdə qeyri-ciddi yanaşma təsəvvürü yarada bilər.

Bu baxımdan, dövlət qurumları ardıcıl və qətiyyətli mövqe nümayiş etdirməli, ictimaiyyət isə müvafiq dövlət siyasətinə dəstək verməlidir. Eyni zamanda, aidiyyəti qurumlar məktəb sisteminə kənar ideoloji və siyasi mərkəzlərdən mümkün müdaxilə cəhdlərinin qarşısını almaq istiqamətində qanunvericiliyə uyğun tədbirlər görməli və üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər”.

//Gülnarə Abasova, Editor.az