Böyük Britaniyanı təşkil edən Şotlandiya, Uels və Şimali İrlandiyada milliyyətçi qüvvələrin fəallaşması ölkənin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub. Bu əraziləri təmsil edən milliyyətçi partiyaların birgə fəaliyyət planı üzərində razılığa gəlməsi Britaniyanın ərazi bütövlüyü və gələcək siyasi quruluşu ilə bağlı sualları yenidən gündəmə gətirib.
Böyük Britaniyanın parçalanması real ssenariyə çevrilə bilərmi? Belə bir proses baş verərsə, hansı siyasi və geosiyasi nəticələrə gətirib çıxara bilər?
Editor.az-a danışan politoloq Turab Rzayev deyib ki, Böyük Britaniyanı təşkil edən ölkələrin bir araya gələrək siyasi bəyanatlar verməsi və siyasi baxımdan aktivləşməsi ilə bağlı gündəm formalaşıb:
“Son günlərdə Şimali İrlandiya, Uels və Şotlandiyanı təmsil edən millətçi partiyaların birləşərək birgə fəaliyyət planı ilə bağlı qərar qəbul etdiklərinin şahidi olduq. Bunlardan bəzilərinin Britaniya ilə çox ciddi problemləri var. Bəziləri isə yeni-yeni aktivləşən millətçi partiyalardır. Bundan asılı olaraq, bu ərazilərin planları və gələcəklə bağlı hədəfləri də fərqlidir. Şotlandiya Britaniyadan müstəqillik tələb edir. Uelsdəki partiyalar da müstəqillik tələb etsələr də, bunun üçün kifayət qədər sosial baza yoxdur. Şimali İrlandiya isə İrlandiya ilə birləşmək istəyir. Bu təşkilatların hədəfləri də tam olaraq eyni deyil.
Onların cəmiyyətdən aldığı dəstək də fərqlidir. Şotlandiyada müstəqillik tərəfdarlarının nisbəti təxminən 50-50-dir. Sonuncu referendumda çox kiçik fərqlə Britaniyanın tərkibində qalmağı seçdilər. Şimali İrlandiyada müstəqillik tərəfdarlarının sayı o qədər çox olmasa da, tərəflər arasında münasibətlər radikaldır. Katolik irlandlarla protestantlar arasında ciddi fikir ayrılıqları mövcuddur. Uels isə nisbətən Britaniyaya assimilyasiya olunmuş ərazidir.
Uels nə qədər çalışsa da, indiki halda uels dilinin bərpası ilə bağlı kifayət qədər iş görə bilmir. Bütün bunlar, yekunda, milliyyətçi partiyaların birgə fəaliyyəti ilə bağlı planın ortaya çıxmasına səbəb olub.
Məsələnin xarici tərəfləri də var. Fərqli qüvvələr bundan istifadə etməyə çalışırlar. Avropa İttifaqı Britaniyaya qarşı təzyiq vasitəsi kimi Şotlandiyanın müstəqilliyi məsələsindən istifadə etməyə çalışdı. Britaniyanın Aİ-dən ayrılması zamanı açıq şəkildə, Britaniya Avropa İttifaqından ayrılarsa, Şotlandiyanın da Britaniyadan ayrılacağına dair təhdidlər var idi. Uels və Şimali İrlandiya ilə bağlı da bənzər addımlar atıldı. Məsələn, Şimali İrlandiya ilə İrlandiya arasında sərhədin aradan götürülməməsi və Şotlandiya ilə Avropa İttifaqı arasında ticarətin davam etdirilməsi məsələləri faktiki olaraq Britaniyaya təzyiq vasitəsi kimi istifadə edilməyə çalışıldı.
ABŞ da bu məsələdə Böyük Britaniyaya təsir edir. Vaxtilə ABŞ-da böyük həcmdə İrlandiya festivalları keçirilirdi. İrlandiya ABŞ-dan kütləvi şəkildə pul, vəsait və silah alırdı. Britaniya hökumətinə qarşı mübarizəsində ABŞ-dan dəstək alırdı. ABŞ Britaniyanı məcbur etdi ki, Şimali İrlandiyaya müəyyən muxtariyyət versin. Lakin ABŞ-Britaniya münasibətləri siyasi baxımdan normallaşdıqdan sonra artıq bu dəstəyin dayandırıldığını gördük”.
//Gülnarə Abasova, Editor.az

