“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” – Fotolarbackend

“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən “Ulubəy” MTK şirkətinin inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər.

“Qafqazinfo”ya kollektiv şəkildə müraciət edən sakinlərin sözlərinə görə, uzun illərdir bu kompleksdə içməli su, səs-küy, parkinq və digər problemlər qalmaqdadır. Onlar yaşayış kompleksinin həyətinin hasarlandığını və orada “Ulubəy” MTK-nın rəhbəri tərəfindən bağ evi tikdirildiyini iddia ediblər.

“Uzun illərdir yaşadığımız binada müxtəlif problemlərlə üzləşirik. Əvvəllər dəfələrlə binanın örtük daşlarının qoparaq tökülməsi hadisəsi baş verib, bununla yanaşı, buradakı evlərə su həftədə 3 dəfə verilir. Həmçinin su anbarının içi lil-qum örtüyü ilə, tarakanlarla dolub. Dəfələrlə “Ulubəy” MTK-nın rəhbərliyinə bu problemləri həll etməsini bildirsək də, heç bir tədbir görülmür”, – sakinlər vurğulayıb.

Vətəndaşların müraciətində qeyd edilib ki, yaşayış kompleksində fəaliyyət göstərən “Mavi dəniz” restoranı onlara əlavə problemlər yaradır: “Binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemindən qalxan xoşagəlməz qoxu bizi boğaza yığıb. Eyni zamanda obyektdən yayılan səs-küy də evlərində istirahət etmək istəyən yüzlərlə insanın dincliyini pozur. Bundan başqa, restorana gəlib-gedənlər parkinq ərazimizi də tutublar. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etdik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək yoxlamalar aparıb ölçümlər etdilər və bunun nəticəsində restoranın rəhbərliyi barəsində inzibati protokol tərtib olundu. Lakin eyni problemlər yenə də hər gün təkrarlanır”.

Şikayətçilər bildiriblər ki, kompleksdə ev alarkən onlara həyətdə uşaq meydançasının – istirahət zonasının yaradılacağı deyilib: “Lakin sonradan məlum oldu ki, kompleksi inşa edən “Bəy Mamed” adı ilə tanınan iş adamı Məmməd İsmayılovun fikri başqadır. O, layihədə uşaq meydançası kimi nəzərdə tutulmuş ərazidə özünə villa tikdirir. Biz bu məsələ ilə bağlı da aidiyyəti dövlət təşkilatlarına müraciət etmişik və pozulan hüquqlarımızın bərpa edilməsini, binalarda yaşayış üçün normal, sivil şəraitin yaradılmasını tələb edirik. Burada əsas problem “Bəy Mamed”in özbaşınalığıdır. Nə deyiriksə, bizə hədə-qorxu gəlir, təhdid edir, halbuki haqlı tərəf sakinlərdir. Zirzəmi su ilə doludur, restorana gəlib-gedən qonaqlar narahat edir, restoranın ərazisini genişləndirib terras açıb, o da bizim məhəllənin girişini daraldıb, şlaqbaum qoymayıb. Həmçinin layihədə olan uşaq meydançası əvəzinə özünə bağ tikib, layihədə lift olmalı idi, qoyulmayıb. Bir sözlə, problemlər və özbaşınalıqlar saydıqca bitmir”.

Sakinlər məsələ ilə bağlı digər aidiyyəti qurumlara da müraciət etdiklərini əlavə ediblər.

***

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həmin ünvana baxış keçirilib:

“​Baxış zamanı ərazıdə aparılan tikinti işlərinin uzun müddət əvvəl başa çatdığı, yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışla təmin olunaraq istismarda olduğu müəyyən edilib.

​Hazırda həmin ünvanda heç bir tikinti-quraşdırma işləri aparılmır.

Bildiririk ki, istismarda olan binalar üzrə inzibati icraat Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə muraciət edilməsi tövsiyə olunur”.

Səbail Rayon İcra Hakimiyyətindən sözügedən məsələ ilə əlaqədar bildirilib ki, mənzil qanunvericiliyinə əsasən, binanın qəzalı vəziyyətə düşməməsi, fasadının vaxtında təmir edilməsi və təhlükəsizliyinin təmin olunması mülkiyyətçilərin, eləcə də idarəedici təşkilatın məsuliyyətindədir.

“Ərazidə insan sıxlığının böyük olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təcili təmir-bərpa işlərinin görülməsi barədə şirkət rəhbərliyinə xəbərdarlıq olunmuş və rəsmi məktublar ünvanlanmışdır. Eyni zamanda, “Mavi Dəniz” iaşə obyektinin fəaliyyəti ilə bağlı keçirilən ölçmə-analiz işləri zamanı ətraf mühitə yayılan səs-küyün yol verilən normadan artıq olduğu müəyyən edilmiş və fakt üzrə monitorinq aktı tərtib olunmuşdur. Zirzəminin su ilə dolması faktının araşdırılması və problemin aradan qaldırılması üçün aidiyyəti su-kanal idarəsinə də məlumat verilmişdir. Sonda bildirmək istərdik ki, qeyd olunan ünvanda yerləşən tikilinin uzun illər əvvəl inşa edildiyi müəyyən olunmuşdur. Ünvan nəzarətdə saxlanılır”, – deyə məlumatda qeyd edilib.