ABŞ-ın Mount Sinai xəstəxanasının İkan Tibb Məktəbinin alimləri beynin yuxuya keçid prosesini aktiv şəkildə başladan nadir neyron qrupu aşkarlayıblar.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.
Söhbət Sst-Chodl neyronlarından gedir. Bu hüceyrələr beyin qabığında yerləşən neyronların cəmi təxminən 0,2 faizini təşkil edir. Onların əsas xüsusiyyəti uzun məsafələrə siqnal ötürə bilmələri və beynin müxtəlif nahiyələrinin fəaliyyətini sinxronlaşdırmalarıdır.
Tədqiqat zamanı alimlər siçanların beyin fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, heyvanlar oyaq olduqları zaman Sst-Chodl neyronları demək olar ki, aktiv olmur. Lakin siçanlar yuxuya getməyə və dərin, yavaş dalğalı yuxu mərhələsinə keçməyə başladıqda bu neyronların aktivliyi kəskin şəkildə artır. Eyni zamanda beyində yavaş və sinxronlaşdırılmış elektrik dalğaları yaranır.
Alimlər daha sonra bu hüceyrələrin yuxu prosesini sadəcə müşayiət edib-etmədiyini, yoxsa onun başlanmasına birbaşa təsir göstərdiyini müəyyənləşdirməyə çalışıblar. Bunun üçün Sst-Chodl neyronları süni şəkildə aktivləşdirilib. Nəticədə siçanların beyin fəaliyyətində yuxu zamanı müşahidə olunan dəyişikliklər baş verib, heyvanlar daha sürətlə yuxuya gedib və daha uzun müddət yatıblar.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr yuxuya keçid mexanizmi ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər. Onların fikrincə, beyin qabığı yalnız beynin daha dərin strukturlarından gələn siqnalların təsiri ilə passiv şəkildə yuxu vəziyyətinə keçmir. Əksinə, onun özündə yerləşən müəyyən neyron qrupları da yuxuya keçidin başlanmasında fəal rol oynaya bilər.
Alimlərin diqqətini çəkən digər məqam Sst-Chodl neyronlarının təkamül prosesində qorunub saxlanılmasıdır. Bu hüceyrələrə müxtəlif heyvan növlərində, eləcə də insanlarda rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu neyronların müxtəlif növlərdə qorunması onların orqanizm üçün mühüm bioloji funksiyaya malik olduğuna işarə edə bilər.
Tədqiqatın növbəti mərhələsində alimlər Sst-Chodl neyronlarının insanın uzun müddət oyaq qalmasından sonra yaranan yuxu ehtiyacının formalaşmasında hansı rol oynadığını araşdırmağı planlaşdırırlar.
Mütəxəssislərin fikrincə, bu kəşf yuxunun beyində necə formalaşdığını daha yaxşı anlamağa, həmçinin müxtəlif nevroloji və psixi pozuntular zamanı meydana çıxan yuxu problemlərinin mexanizmlərini araşdırmağa kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az

