İran Prezidenti Məsud Pezeşkian əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə büdcədə vəsait nəzərdə tutulduğunu açıqlayıb. O bildirib ki, ayrılan vəsait yaxın vaxtlarda əhaliyə ərzaq kuponları formasında təqdim ediləcək.
Bəs İranın üzləşdiyi iqtisadi reallıqlar fonunda Pezeşkian bu vədini yerinə yetirə biləcəkmi?
Editor.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Pezeşkianın ərzaq kuponları ilə bağlı vədini yerinə yetirməsi prinsip etibarilə mümkündür və bunun üçün büdcədə müəyyən vəsaitin nəzərdə tutulması hökumətə qısa müddətdə belə bir sosial mexanizmi işə salmağa imkan verə bilər:
“Lakin İranın hazırkı iqtisadi reallıqları bu vədin uzunmüddətli və effektiv şəkildə icrasını ciddi şəkildə çətinləşdirir. Burada əsas məsələ kuponların verilib-verilməməsindən daha çox, onların əhalinin real alıcılıq qabiliyyətinə nə qədər təsir göstərəcəyi ilə bağlıdır.
Fikrimcə, İran iqtisadiyyatında yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi, sanksiyaların yaratdığı məhdudiyyətlər və dövlət gəlirlərinin azalması sosial siyasətin imkanlarını daraldır. Belə vəziyyətdə hökumət əhaliyə ərzaq kuponu təqdim edə bilər, amma ərzaq qiymətlərinin sürətli artımı davam edərsə, ayrılan vəsaitin sosial effekti qısa müddətdə zəifləyəcək. Yəni Pezeşkianın qarşısında təkcə vədi icra etmək deyil, həmin vədin real iqtisadi nəticəyə çevrilməsini təmin etmək vəzifəsi dayanır.
Digər tərəfdən, ərzaq kuponları İran hökuməti üçün həm də sosial gərginliyi azaltmaq vasitəsidir. Əhali gündəlik istehlak mallarının bahalaşmasını birbaşa hiss etdiyi üçün belə proqramlar müəyyən sosial qrupların yükünü müvəqqəti yüngülləşdirə bilər. Ancaq bu, iqtisadi böhranın əsas səbəblərini aradan qaldırmır. İnflyasiya və milli valyutanın zəifləməsi davam etdiyi halda, dövlətin hər dəfə daha böyük vəsait ayırmasına ehtiyac yaranacaq.
Nəticə etibarilə, Pezeşkianın qısa müddətdə verdiyi sözü müəyyən formada yerinə yetirməsi mümkündür, amma bunu İran əhalisinin sosial vəziyyətində fundamental dönüş kimi qiymətləndirmək çətin olar. Əsl sınaq kuponların paylanması yox, onların davamlı maliyyələşdirilməsi və alıcılıq qabiliyyətinin qorunmasıdır. İran iqtisadiyyatında struktur problemlər həll olunmadan ərzaq kuponları daha çox böhranın nəticələrini yumşaldan sosial alət olaraq qalacaq”.
Gülnarə Abasova
Editor.az

