Ukrayna Silahlı Qüvvələrinin Donetskə ABŞ tərəfindən gizli şəkildə təhvil verildiyi ehtimal olunan yeni uzaqmənzilli raketlə zərbə endirdiyi iddia olunur.
Ukraynanın Defence Express nəşrinin məlumatına görə, avqustun 26-da Donetskə endirilən zərbədən sonra ərazidə aşkarlanan raket qalıqları yeni silahın istifadə edilmiş ola biləcəyinə dair ehtimallar yaradıb.
Editor.az xəbər verir ki, analitiklərin diqqətini xüsusilə qanad və onun raketin gövdəsinə bərkidilmə elementlərinin qalıqları çəkib. Fraqmentlərdən birinin üzərində 6F8W7 kodunun olduğu bildirilir. Bu markalanmanın ABŞ-ın Boeing şirkəti ilə əməkdaşlıq edən Avstraliyanın Ferra Aerospace şirkətinə aid olduğu qeyd edilir. Şirkət daha əvvəl JDAM-ER idarəolunan bombaları üçün qanad dəstlərinin istehsalında iştirak edib.
Mütəxəssislər ehtimal edir ki, söhbət raket mühərriki ilə təchiz edilmiş JDAM-LR sistemindən gedə bilər. JDAM-ER-in uçuş məsafəsi təxminən 75 kilometr olduğu halda, JDAM-LR-in bəyan edilən maksimal məsafəsinin 555 kilometrə çatdığı bildirilir.
Analitiklərin fikrincə, belə raketlər nəzəri olaraq F-16 qırıcıları ilə yanaşı, uyğunlaşdırılmış MiQ-29 və Su-27 təyyarələrindən də buraxıla bilər.
Bununla belə, JDAM-LR-in Ukrayna tərəfindən istifadə edilməsi hələ rəsmi şəkildə təsdiqlənməyib. Defence Express də qeyd edir ki, hazırda bu silahın Ukraynaya təhvil verildiyini təsdiqləyən qəti sübut yoxdur. Əgər raketlər həqiqətən Ukraynaya verilibsə, onların məhdud sayda olması ehtimal edilir.
//Samir Qurbanov, Editor.az

