Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlıq Qarabağda yeni mərhələyə keçir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə İstanbul Texniki Universitetinin (İTÜ) rektorluğuna bağlı akademik bölmələrin Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində yaradılması qərara alınıb.
Müvafiq Prezident qərarı avqustun 27-də Türkiyənin Rəsmi Qəzetində dərc edilib.
Bu barədə AK Partiyanın sədr müavini, partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri professor Kürşad Zorlu məlumat yayıb. Zorlu AK Partiyada Türk dövlətləri ilə əlaqələr sahəsinə rəhbərlik edən sədr müavinidir.
Yeni qərarla İstanbul Texniki Universitetinin elmi və akademik potensialının Qarabağa gətirilməsi, Azərbaycanla Türkiyə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin Qarabağ üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Razılaşma yalnız bakalavr təhsili ilə məhdudlaşmayacaq. Bakalavr, magistratura və doktorantura səviyyələrində birgə təhsil proqramlarının həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələri, ikili diplom proqramları və mühəndislik sahəsində birgə laboratoriya işlərinin aparılması planlaşdırılır.
Əməkdaşlığın magistratura, doktorantura və doktoranturadan sonrakı səviyyələrə qədər genişləndirilməsi, bununla da Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması hədəflənir.
Qarabağ Universitetində xüsusilə mühəndislik istiqamətində yeni akademik bölmələrin açılması gözlənilir. Kimya mühəndisliyi, Maşın mühəndisliyi, İnşaat mühəndisliyi və Elektrik-elektronika mühəndisliyi bölmələrinin açılması nəzərdə tutulur. Açılacaq akademik bölmələrlə bağlı təfərrüatlar növbəti mərhələdə müəyyənləşəcək.
Kürşad Zorlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türk dünyası vizyonu və Qarabağ Zəfərinə aparan yolda dünyaya nümunə olan Azərbaycan-Türkiyə güc birliyi bu gün bir çox sahədə konkret nəticələrə çevrilir.
Musavat.com


