Yaxın Şərqdəki müharibə Avropanın hava hücumundan müdafiəsini zəiflətdibackend

Yaxın Şərqdəki müharibə Avropanın hava hücumundan müdafiəsini zəiflətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İranla müharibəsi Avropada yerləşdirilən Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının kritik səviyyəyə enməsinə səbəb olub.

Editor.az xəbər verir ki, Associated Press (AP) agentliyinin ABŞ və NATO rəsmilərinə istinadən yaydığı məlumata görə, Avropadakı Patriot raketlərinin çatışmazlığı alyansın mümkün Rusiya ballistik raket hücumlarına qarşı müdafiəsi ilə bağlı ciddi narahatlıq yaradıb.

Məlumata əsasən, ABŞ-ın Avropadakı raket ehtiyatlarının bir hissəsi Yaxın Şərqə göndərilib. İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların qarşısının alınması zamanı Patriot raketlərindən geniş istifadə olunması ehtiyatların sürətlə azalmasına səbəb olub.

ABŞ-ın Avropadakı müdafiə rəsmilərindən biri Patriot ehtiyatlarının vəziyyətini “kritik həddən də aşağı” kimi qiymətləndirib. NATO rəsmisi də Avropadakı Patriot ehtiyatlarının azaldığını təsdiqləyib.

Bununla belə, NATO nümayəndəsi alyansın hava hücumundan müdafiə imkanlarının kifayət qədər olduğunu və Patriot raketlərinin sayının “kritik həddən aşağı” düşməsi barədə iddiaların doğru olmadığını bildirib. Pentaqon da ABŞ-ın sursat çatışmazlığı ilə üzləşməsi barədə xəbərləri təkzib edib.

Ekspertlərin fikrincə, Avropanın əsas problemi ballistik raketlərə qarşı Patriot sistemlərini əvəz edə biləcək alternativlərin məhdud olmasıdır. Ehtiyatların bərpası üçün ABŞ-da Patriot raketlərinin istehsalının artırılması, həmçinin Avropada yeni istehsal imkanlarının yaradılması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az