Finlandiya Ukraynaya ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün “kritik əhəmiyyətli” vasitələr təqdim edəcək.
Editor.az xəbər verir ki, Bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb “Biz – Ukrayna” telekanalına müsahibəsində bildirib.
Stubb hansı hava hücumundan müdafiə sistemləri və ya raketlərin Ukraynaya göndəriləcəyini açıqlamayıb. O, söhbətin hazırda Finlandiyanın arsenalında qalan və Ukrayna üçün xüsusi əhəmiyyət daşıyan vasitələrdən getdiyini vurğulayıb.
Finlandiya prezidentinin sözlərinə görə, qarşıdan gələn qış fonunda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. O, həmçinin Ukraynanın enerji infrastrukturunun qorunması, eləcə də generator və dizel mühərrikləri ilə təmin olunmasının vacibliyini qeyd edib.
Stubb əlavə edib ki, müttəfiqlər Ukrayna üçün “Patriot” sistemlərinə əlavə raketlərin tapılması istiqamətində də işlərini davam etdirirlər.
//Samir Qurbanov, Editor.az

