Azərbaycan-Özbəkistan münasibətlərində “Türkiyə modeli”nə doğru: Yeni mərhələ başlayır?backend

Azərbaycan-Özbəkistan münasibətlərində “Türkiyə modeli”nə doğru: Yeni mərhələ başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə çoxşaxəli əməkdaşlıq müstəvisində sürətlə inkişaf edir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, humanitar münasibətlərin dərinləşməsi və müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlər qazanması iki ölkə arasında strateji tərəfdaşlığın məzmununu daha da zənginləşdirir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar da bu münasibətlərin gələcək perspektivləri baxımından diqqət çəkir. Xüsusilə Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi fonunda Bakı-Daşkənd münasibətlərinin hansı mərhələyə doğru inkişaf etdiyi məsələsi aktuallığını qoruyur.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan üçün Türkiyə modeli anlayışının təkcə Özbəkistanla deyil, bütün Türk dövlətləri ilə formalaşması vacib olan məsələdir:

“Amma bu praktikanı bir-bir yaratmaq zaman və şərait tələb etdiyi üçün Azərbaycan Özbəkistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır ki, növbə digər Türk dövlətlərinə çatmaqla həm örnək, həm də tələb olunan olsun. Özbəkistan Mərkəzi Asiya ölkələri arasında Azərbaycana ən yaxın ölkə olub. Təbii ki, digər postsovet məkanı ölkələri ilə də əlaqələr olub, amma Özbəkistan həm dillərin oxşarlığı, həm də azərbaycanlıların Özbəkistanda yaşaması baxımından daha mühüm olub.

Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələr getdikcə artır. Daha çox humanitar sahələrin inkişafı göz önündə olsa da, tədricən iqtisadi, sonra isə hərbi sahələrin də inkişafı mütləq olacaq.

“Türkiyə modeli” anlayışı spesifik anlayışdır. Bu, qəfil yaranmış bir model deyil. Buna ilk növbədə qan və gen yaddaşının təzahürü kimi baxmaq lazımdır. Qardaşlıq anlayışının yüksək səviyyəsi kimi qəbul etmək lazımdır. Bu baxımdan Özbəkistanla münasibətlər də elə səviyyəyə, eləcə də digər Türk dövlətləri ilə, gəlməlidir ki, ölkələr arasında hansısa dəstək və yardım üçün tərəddüd məfhumu olmamalıdır. Azərbaycan və Türkiyə arasında olduğu kimi. Hesab edirəm ki, humanitar münasibətlərin pik həddində digər müttəfiq münasibətləri öz-özündən inkişaf edəcək və Türkiyə modeli tezliklə zamanın tələbi olacaq”.

//Gülnarə Abasova, Editor.az